Coğrafi mövqeyi
Mingəçevir şəhəri Kür çayının üzərində su elektrik stansiyasının tikintisi ilə bağlı salınmışdır. 11 noyabr 1948-ci ildə şəhər statusu almışdır. Bakı şəhərindən 323 km məsafədə yerləşir. Bakı-Tbilisi dəmir yolundan 17 km aralıdır. Respublika miqyaslı aeroport 30 km məsafədə Yevlax rayonunda, beynəlxalq miqyaslı aeroport Gəncə şəhərində 80 km və Qəbələ rayonunda 90 km məsafələrdə yerləşir. Coğrafi cəhətdən şəhər respublikanın mərkəzində Kür çayının hər iki sahilində salınmışdır. Mingəçevir su anbarı şəhərin şimal-qərbində 3 km məsafədə yerləşir. Su anbarının həcmi 15,7 milyard kub metr, uzunlugu 70 km, maksimal eni 18 km, su örtüyünün sahəsi 605 km², orta dərinliyi 27 metr (maksimal dərinliyi 83 metr), səviyyə dəyişkənliyi 5-7 metrdir. Su anbarının qarşısını kəsən bəndin uzunluğu 1550 metrdir.
Mingəçevir şəhərinin iqlimi mülayim istidir. Orta temperatur yanvar ayında müsbət 3.9 dərəcə, iyul ayında 27.8 dərəcədir. İllik yağıntı 418 mm.