Şriftin ölçüsü :

Saytın rəngi :

Milli Qəhrəmanlar

                   

Muradov Ruslan Həmid oğlu-27 iyun 1973-cü ildə Mingəçevir şəhərində doğulmuşdur. 1990-cı ildə burada 10 saylı məktəbi bitirmişdir. Daha sonra atasının işlədiyi Mingəçevir Texniki Rezin Məmulatı zavodunda çalışıb. Ruslan 1992-ci il 22 yanvar tarixdə Milli Ordu sıralarına daxil olur. Bir müddət hazırlıq keçdikdən sonra Ağdamın Papravənd kəndinə göndərilir. Papravənd kəndinə gəldiyi gündən burada qızğın döyüşə girir. Kənd erməni işğalçılarından azad edilir. 1992-ci ildə Azərbaycana məxsus təyyarələrdən biri düşmən əlində olan əraziyə düşmüşdü yaralıları xilas etmək üçün aparılan əməliyyat nəticə verdi. Bu əməliyyatda Ruslan xüsusilə fərqlənmişdi. Ruslan Muradov 1992-ci il 22 avqust Ağdam rayonunun Papravənd kəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Subay idi.

Azərbaycan Respublikası prezidentinin 6 noyabr 1992-ci il tarixli 290 saylı fərmanı ilə Muradov Ruslan Həmid oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Mingəçevir şəhərindəki Texniki Humanitar Lisey qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

 

Nağıyev Dilqəm Heydər oğlu - 24 iyun 1975-ci il Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı orta məktəbin səkkizinci sinfini bitirdikdən sonra, 69 saylı texniki-peşə məktəbində təhsilini davam etdirir. 1993-cü il 7 avqust Milli Ordu sıralarında çağırılır. Bakıdakı "N" saylı hərbi hissədə təlim keçdikdən sonra isə Füzuli cəbhəsinə göndərilir. Dilqəm Füzuli rayonunun Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Kürdmahmudlu kəndlərində rəşadətlə vuruşmuş, erməni qəsbkarlarının xeyli canlı qüvvəsini məhv etmişdi. Komandirləri onun bu bacaracağlarını qiymətləndirərək ona çavuş rütbəsi vermişdilər. 1994-cü il Gəncədə dövlət çevirilişinə cəhd edilərkən Dilqəm də silahlı dəstənin zərərsizləşdirilməsində iştirak etdi. 1994-cü ilin oktyabrında Gəncədə dövlət çevrilişinə cəhd zamanı mühüm obyektlərin geri alınmasında Dilqəmin xidmətləri az olmamışdır. 15 mart 1995-ci ildə ikinci dəfə dövlət çevrilişinə cəhd edilərkən, Tovuz-Ağstafa zonasında əsgərlərlə birlikdə qiyamçıların ram edilməsi əməliyyatında şücaət göstərən Dilqəm Nağıyev qarşı tərəfdən açılan atəş nəticəsində həlak olur. Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nağıyev Dilqəm Heydər oğluna ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmişdir.

Mingəçevir şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.

Mingəçevirdəki 9 saylı məktəb qəhrəmanımızın adını daşıyır, burada büstü qoyulub.

 

Mirabov Rəşad Akif oğlu -3 may 1975-ci ildə Mingəçevir şəhərində anadan olmuşdur. 1981-ci ildə 7 saylı orta məktəbə daxil olmuş, həmin məktəbin 9-cu sinfini bitirdikdən sonra Mingəçevir şəhər axşam məktəbində orta təhsilini davam etdirməklə dərzilik sənətinə yiyələnmişdir. Ordu sıralarına çağırılana qədər Mingəçevir Dövlət Dram Teatrında dərzi işləmişdir. 1993-cü ildə həqiqi hərbi xidmətə çağırılmışdır. O, əvvəlcə indiki H.Z.Tağıyev qəsəbəsi, sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçdi. Rəşadın xidmət etdiyi hərbi hissə 1994-cü ilin yanvarında Tərtər bölgəsinə, oradan isə Füzuliyə - gərgin döyüşlərə gedən zonaya göndərildi. Hərbi hissə Füzuli bölgəsində bir neçə əməliyyatda iştirak etdi. O, yenidən Tərtərə qayıtdı. Ölkədə atəşkəs elan olunduqdan sonra isə Bakıya - əvvəllər xidmət etdiyi hissəyə qayıtdı.1995-ci il 13-17 mart hadisələri zamanı bir dəstə qiyamçı dövlət çevrilişinə cəhd edirdi. Mirabov Rəşad bu qiyamçıların zərərsizləşdirilməsi zamanı qəhrəmancasına həlak oldu. Subay idi.

Azərbaycan Respublikası prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Mingəçevir şəhərinin Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Mingəçevir şəhər 7 saylı orta məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulub.

 

Qasımov Natiq Səlim oğlu - 1971-ci il yanvarın 2-də Gədəbəy rayonunun Kiçik Qaramurad kəndində anadan olub. 1975-ci ildə ailəlikcə Mingəçevirə şəhərinə köçüblər. Natiq burada səkkizillik məktəbi bitirdikdən sonra qaynaqçı ixtisası üzrə peşə məktəbində təhsil almışdır. Rusiyanın Krasnoyarsk vilayətində Daxili Qoşun hissələrində xidməti başa vurduqdan sonra 1991-ci ildə Azərbaycana qayıtmışdır, elə həmin il də könüllü olaraq Ağdam rayonunda təşkil edilmiş “Qaradağ şahinləri” taboruna yazılaraq Vətənin müdafiəsində iştirak edib. 12 mart 1992-ci ildə Xocalı rayonu, Pirlər (Xramort) kəndi istiqamətində gedən döyüşdə Ermənistan hərbçiləri tərəfindən əsir götürüb. Natiq Qasımov Xocalı rayonu, Pirlər kəndi yaxınlığında yüksəklikdə yerləşən Alban kilsəsi uğrunda döyüş zamanı altı döyüş yoldaşı həlak olduqdan sonra beş gün ac-susuz orada qalaraq təkbaşına döyüşüb. Gülləsi qurtardığından altıncı gün, 12 mart 1992-ci ildə rusiyalı və italiyalı jurnalistlər - Konstantin Smirnov və Enriko Sarzinin şahidliyi ilə Ermənistan hərbçiləri tərəfindən əsir götürülüb. Onun əsir götürlməsi faktı Rusiyada nəşr edilən “Oqonyok” jurnalının 1992-ci il 14 və 15-ci nömrələrində “Strax” adlı məqalədə təsvir edilib.

Azərbaycan Respublikası Prezidentinin 25 iyun 2024-cü il tarixli 175 saylı sərəncamı ilə Natiq Səlim oğlu Qasımov ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Haqqında çəkilmiş filmlər:

“Natiq Qasımov” - Sənədli film Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə lentə alınıb.

“Oğul” - Natiq Qasımovun axtarışından bəhs edən sənədli filmin görüntü rejissoru Simon Stanforddur. Filmi Böyük Britaniyanın "Broken Pot Media" şirkəti çəkib, rejissoru və ssenari müəllifi Karan Sinqh isə üç il ərzində Ermənistan, Azərbaycan, İtaliya, Böyük Britaniya və Rusiyada şahidlərlə danışıb.

 

 

 

Keçidlər