Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının “Mingəçevir şəhərinin 2019-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə hesabatı keçirildi.
Fevralın 21-də Mingəçevir Dövlət Universitetinin akt zalında Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının “Mingəçevir şəhərinin 2019-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2020-ci ildə qarşıda duran vəzifələr” barədə hesabatı keçirildi. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, bu ilin yanvar ayının 13-də cənab Prezident İlham Əliyevin yanında keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirdə, həmçinin 03 fevral tarixində keçirilən regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda ölkədə bütün sahələrdə aparılan işlər müzakirə edilmiş, ölkənin sürətlə və uğurla inkişaf etdiyi qeyd olunmuşdur. İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 2019-cu ildə Mingəçevir şəhərində görülən işlər və 2020-ci ildə qarşıda duran vəzifələr barədə geniş hesabat məruzəsi ilə çıxış etdi.
Məruzə ətrafında müzakirələrdə Maliyyə idarəsinin rəisi vəzifəsini müvəqqəti icra edən Soltan Əsədov, şəhər Məşğulluq Mərkəzinin direktoru Elçin Abdullayev, “Az.İES” MMC-nin direktoru Təhmasib Hüseynov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli, Bərdə Regional Mədəniyyət İdarəsinin Mingəçevir şəhər nümayəndəsi Şəlalə Sadəddinova, şəhər Mərkəzi Xəstəxananın Publik Hüquqi Şəxsin direktoru Könül Ələkbərov çıxış etdilər. Çıxışlarda hesabat dövrü ərzində şəhərdə görülən işlərə toxunuldu, qarşıya çıxan problem və çətinliklərdən bəhs olunaraq şəhər İcra Hakimiyyəti başçısının illik fəaliyyətinə münasibət bildirildi.
Sonra şəhər sakinlərindən Ələmdar Hüseynov, Vüsalə Qasımova, İranə Həsənova, Xeybər Məmmədov, Esmira Hidayətova, Pərviz Hüseynov və başqaları şəhərdə aparılan abadlıq-quruculuq işlərinə görə ölkə rəhbərinə və şəhər icra hakimiyyəti başçısına minnətdarlıqlarını ifadə etməklə onları narahat edən bir sıra məsələlər barədə təkliflərini bildirdilər. Xüsusilə, şəhər yaşıllıqlarının suvarılması üçün tədbirlər görülməsi, şəhərdə qəzalı vəziyyətdə olan binaların sökülərək yeni binaların tikintisi, yaşayış binalarının əsaslı təmiri məsələləri, bağlar massivində asfaltın və işıqlanma sisteminin quraşdırılması ilə bağlı görüləcək işlər, Mingəçevir Sənaye Parkının növbəti fabriklərinin tikintisi, işsizliyin aradan qaldırılması üçün tədbirlər görülməsi, uşaq bağçalarına istilik sisteminin verilməsi və bu kimi digər məsələlərin onları narahat etdiyini bildirdilər. Şəhər İcra Hakimiyyətinin başçısı və prezident Administrasiyasının məsul nümayəndəsi qaldırılan məsələlərin hər birinə aydınlıq gətirərək cavablandırdılar.
Şura iclasında iştirak edən Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Ərazi-Təşkilat Məsələləri şöbəsinin 3-cü ərazi sektorunun müdiri Vəfadar Bağırov çıxış edərək Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən mühüm tədbirlərdən, Azərbaycanın sosial-iqtisadi inkişafından, dünya miqyasında onun tutduğu mövqedən ətraflı bəhs etdi. Eyni zamanda Mingəçevir şəhərində həyata keçirilən tədbirlərə və qarşıda duran vəzifələrə münasibətini açıqladı. Hər kəsi şəhər icra hakimiyyəti başçısının ətrafında sıx birləşərək möhtərəm prezidentimiz İlham Əliyevin qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinə səfərbər olmağa çağırdı.
Şura iclasında müzakirə olunan məsələyə dair müvafiq qərar və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.
Sonda şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yekun olaraq bildirdi ki, şəhərdə 2019-cu ildə görülən işlər təqdirəlayiq olsa da, 2020-ci ildə bizi daha ciddi vəzifələr gözləyir. Hesabatdan göründüyü kimi görülən işlərlə yanaşı hələ həllini gözləyən problemlər də qalmaqdadır. İşlərində nöqsanlar olan təşkilatların rəhbərlərindən xahiş olunur ki, qısa müddətdə qeyd edilən nöqsanları aradan qaldırsınlar və rəhbərlik etdikləri sahələrə nəzarəti gücləndirsinlər.
Şəhər rəhbəri qeyd etdi ki, ölkə Prezidenti İlham Əliyev 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədə etdiyi yekun nitqində bu ilin sonunadək görüləcək işlərlə bağlı mühüm tapşırıqlar verdi. Verilmiş tapşırıqlar mülkiyyətin sığortalanması prosesi ilə bağlı çox böyük maarifləndirmə işləri aparılması, kölgə iqtisadiyyatından çıxmaqla bağlı bütün qurumların fəal işləməsi və burada çox ciddi koordinasiya aparılması, investisiya proqramının infrastruktur layihələrinin icrası ilə paralel olaraq iqtisadiyyatın real sektoruna dəstək verilməsi, Şəhid ailələri və Qarabağ əlilləri üçün bu il daha çox evlər tikilməsi, yeni iş yerlərinin yaradılması, turizmin inkişafı və sair sahələrlə bağlı olmuşdur. Bunun üçün bütün qurumlar, vəzifəli şəxslər öz məsuliyyətini dərk etməli və daha ciddi, daha da səmərəli işləməliyik. O bildirdi ki, ölkə Prezidentinin müəyyən etdiyi strateji xətlə bu il Azərbaycan uğurla inkişaf edəcək. 2020-ci ildə Azərbaycan daha güclü dövlətə çevriləcək. Bu xəttin icrası nəticəsində doğma Mingəçevirimiz də daha da inkişaf edəcək, gözəlləşəcək.