Şriftin ölçüsü :

Saytın rəngi :

12 noyabr – Konstitusiya günü ilə bağlı YAP Mingəçevir şəhər təşkilatının qərargahında konfrans keçirildi.

08 noyabr 2017 | 16:00

     8 noyabr 2017-ci il tarixdə YAP Mingəçevir şəhər təşkilatı Mingəçevir şəhər İcra Hakimiyyəti ilə birlikdə 12 noyabr – Konstitusiya günü ilə bağlı YAP Mingəçevir şəhər təşkilatının qərargahında konfrans keçirmişdir.
Konfransda Mingəçevir şəhər Polis şöbəsinin rəisi Cavid Muradov, Dövlət Təhlükəsizlik Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi İlham Məlikov, Mingəçevir şəhər Prokuroru Azad Qarayev də iştirak edirdilər.

     Yığıncağı giriş sözü ilə açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının  I müavini İlham İsmayılov çıxış edərək, Azərbaycanın Konstitusiya tarixindən geniş danışaraq bildirdi ki,  əsrlər boyu böyük mərhələlərdən keçib tarixi müstəqilliyinə qovuşan xalq qarşısında , ötən əsrin 90–cı illərində dövlət təsisatların yaradılması, hüquqi və demokratik dövlət quruculuğu bütün  zərurəti ilə gündəlikdə dururdu. Bunu isə xalqın iradəsini ifadə edən Konstitusiya olmadan etmək mümkün deyildi. Məhz bu amili nəzərə alan ümummilli lider Heydər Əliyevin müəllifliyi ilə noyabrın 12-də ümumxalq səsverməsi ilə müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi. Həmin gündən 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü kimi qeyd olunur. Müstəqil Azərbaycanın ilk Konstitusiyası Azərbaycan Respublikasının dövlət quruculuğunun əsaslarını qoyub. Azərbaycanın yeni Konstitusiyası 5 bölmədən, 12 fəsildən və 158 maddədən ibarətdir. Konstitusiyaya ilk əlavə və dəyişiklik 24 avqust 2002-ci ildə, daha sonra 18 mart 2009-cu ildə və sonuncu 2016-cı ildə Referendum yolu ilə Konstitusiyanın maddələrinə əlavə və dəyişiklik edilib. Sonra İlham İsmayılov, mövzu ətrafında geniş məruzələr etmək üçün sözü çıxışçılara verdi.

     Daha sonra Mingəçevir Turizm Kollecinin tarix müəllimi Ceyhun Abdullayev çıxış edərək, 1995-ci il 12 noyabrında ümumxalq səsverməsi, referendum yolu ilə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsinin Azərbaycanın dövlətçilik tarixində mühüm hadisə olduğunu, ölkəmizdə müasir dövlət və vətəndaş cəmiyyəti quruculuğu üçün böyük yol açaraq, insan hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə zəmin yaratmaqla ölkə həyatının bütün sahələrinin inkişafına təkan verdiyini bildirdi. Müstəqilliyin ilk illərində ölkədə hökm sürən siyasi qeyri-sabitlik və hərc-mərclik, Azərbaycan xalqının mənafelərinə cavab verən siyasi iradənin olmaması demokratik dəyərlərə əsaslanan yeni Konstitusiyanın  qəbul edilməsi kimi vacib vəzifənin reallaşdırılması qeyri-mümkün edirdi. Lakin, belə bir tarixi dönəmdə Azərbaycan xalqının təkidli tələbi ilə ölkə rəhbərliyinə qayıdışından sonra ulu öndər Heydər Əliyevin uzaqgörən və məqsədyönlü siyasi bacarığı ilə ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi anarxiyadan xilas etdi, azərbaycançılıq ideyası ətrafında birləşdirərək öz tarixi missiyasını yerinə yetirdi.

     Mingəçevir Dövlət Universitetinin müəllimi Vüsalə Mövlayeva çıxış edərək, Azərbaycan Respublikasının ilk konstitusiyasının qəbul edilmə qaydasına görə özündən əvvəlki sovet dövrü konstitusiyasından fərqləndiyini bildirdi. O, qeyd etdi ki, Sovet Azərbaycan konstitusiyaları ö dövrün qanunverici orqanları tərəfindən qəbul edilirdisə, Müstəqil Azərbaycanın Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul olunmuşdur. Konstitusiyanın I və II maddələri “xalq suverenliyi” konsepsiyasını ifadə edir.Bu maddələrə əsasən Azərbaycanda hakimiyyətin mənbəyi xalqdır və xalq öz müqəddəratını həll edir. Konstitusiyanın digər mühüm VII maddəsində isə, Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Dövlətimiz demokratik dövlətdir. Ulu öndər Heydər Əliyev “Dövlət yalnız 2 halda sarsıla bilər: cinayət cəzasız qalanda və günahsız cəzalandırılanda” deməklə, qanunlarımıza və dövlətçiliyimizə əsaslanan mühüm fikirlər söyləmişdir.

     Mingəçevir Tibb Kollecinin müəllimi, Çingiz Ağakişiyev çıxış edərək, qeyd etdi ki, Azərbaycanın ilk konstitusiyası dövlət hakimiyyətinin-hakimiyyətlərin bölgüsü prinsipi əsasında təşkil olunduğunu müəyyən etdi. Təkcə bir faktı demək kifayətdir ki, Konstitusiyanın 158 maddəsindən 57-sində və 3 fəsildən birində insan hüquq və azadlıqları təsbit edilirdi ki, bu da gənc, müstəqil Azərbaycanın uzunmüddətli gələcəyinə hesablanmışdı.Bu Ali sənəd ölkədə həyata keçirilən hüquqi-demokratik islahatlar üçün möhkəm bir təməl idi. Müstəqil Azərbaycan Respublikasının əldə etdiyi bugünki uğurlarının hüquqi başlanğıcında da məhz Ümummilli lider Heydər Əliyevin həyat verdiyi Azərbaycanın ilk konstitusiyası dayanır.

     YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov çıxış edərək, Azərbaycan dövlətinin əsas məqsədlərindən birinin sosial dövlət olması barədə 1995-ci ildə qəbul edilən Konstitusiyamızda birbaşa müddəa olmasa da, 2002-ci ildə edilən əlavə və dəyişiklikdə sosial rifah dövlətinin qurulması ilə bağlı müddəa öz əksini tapmışdır. Sosial dövlət quruculuğunun digər hüquqi əsası Ümummilli liderin qələmindn çıxmış başqa bir strateji sənəddə: Yeni Azərbaycan Partiyasının Proqramında partiyanın başlıca məqsədlərindən birinin “Sosial dövlət yaratmaq” olduğu göstərilir. Azərbaycan sosial dövlət quruculuğu yolunda inamla irəliləyir. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev öz çıxışlarında da vurğuladığı kimi, respublikmızın dövlət siyasətinin mərkəzində Azərbaycan vətəndaşının, vətəndaşa diqqət və qayğının dayandığını bəyan edir və dövlətimizin 2020-ci ildə dünyanın inkişaf etmiş dövlətləri sırasına çıxacağını qarşıya məqsəd qoyur. Biz də hər birimiz vətəndaş olaraq, dövlətimizin Konstitusiyada bizlərə göstərdiyi qayğısına cavab olaraq Konstitusiya qanunlarını təbliğ etməklə, qanunçuluğa rəayət edilməsi işinin təşkilində əlimizdən gələni əsirgəməməli və dövlətçilik siyasətinin həyata keçirilməsində hər zaman olduğu kimi, yenə də Cənab Prezidentimizə dəstək olmaqla, vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.
     Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısının  I müavini İlham İsmayılov çıxış edərək, konfrans iştirakçılarını bayramlar münasibəti ilə təbrik etdi və konfransın işində fəal iştirak etdiklərinə görə təşəkkürünü bildirdi.
Bununla da, konfrans öz işini başa vurdu.

 

 

 

 

 

 

 

Keçidlər