“Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası barədə M Ə L U M A T
“Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nda və “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulan tədbirlərin icrası barədə M Ə L U M A T Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 iyul tarixli 2292 №-li Sərəncamı ilə təsdiq edilmiş “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” çərçivəsində həyata keçirilən tədbirlərin davamlılığının təmin edilməsi, bu sahədə normativ hüquqi bazanın və institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi və şəffaflığın artırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 27 fevral 2020-ci il tarixli 1859№-li Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 20 aprel 2020-ci il tarixli 48 №-li Sərəncamı ilə “Açıq Hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Mingəçevir şəhər İcra Hakimiyyətinin Tədbirlər Planı” təsdiq edilmişdir. Tədbirlər planında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsinə nəzarət edən məsul şəxs təyin olunmuş və tədbirlər planının icrasına başlanmışdır. Bu tədbirlər planları Dövlət xidmətlərinin təkmilləşdirilməsi sahəsində, vətəndaş cəmiyyəti üzvlərinin fəaliyyətinin genişləndirilməsi, ictimai nəzarətin və ictimai iştirakçılığın artırılması sahəsində, informasiya əldə edilməsinin təmin olunması sahəsində, korrupsiyaya qarşı mübarizə və etik davranış qaydaları ilə bağlı şəhərin müəssisə və təşkilatlarında təlimlərin keçirilməsi nəzərdə tutulmuşdur. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq şəhərdə fəaliyyət göstərən dövlət orqanlarında “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununa əsasən vətəndaşların nəzərdə tutulmuş informasiya əldə etmək azadlıqlarının təmin edilməsi məqsədilə məsul şəxslər təyin edilmişlər. Bu şəxslərlə informasiya azadlığı ilə bağlı icraat qaydalarına riayət edilməsi üçün treninqlər keçirilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin internet saytında İcra Hakimiyyətinin və şəhərdə fəaliyyət göstərən dövlət qurumlarının fəaliyyətləri barədə mütəmadi yeniləşdirilmiş məlumatların yerləşdirilməsi həyata keçirilir və bu iş daim davam etdirilir. Həmçinin dövlət qurumları tərəfindən etik davranış məsələləri ilə bağlı görülmüş işlər barədə də məlumatlar rəsmi internet səhifələrində yerləşdirilir. “Yerli İcra Hakimiyyətləri haqqında Əsasnamə”nin tələblərinə uyğun olaraq ildə bir dəfə şəhər İcra Hakimiyyətinin illik fəaliyyəti barədə hesabat hazırlanır. Bu hesabat əvvəlcədən şəhər İcra Hakimiyyətinin mətbuat orqanı olan “Mingəçevir” qəzetində dərc olunaraq əhaliyə paylanılır, şəhər İcra Hakimiyyətinin internet səhifəsində yerləşdirilir, şəhər İcra Hakimiyyəti başçısı yanında Şurada ictimaiyyətin geniş kütlələrinin, kütləvi informasiya vasitələrinin iştirakı ilə müzakirə olunur, müzakirə aparılan zalda sərbəst çıxış etmək və təkliflər vermək üçün mikrofonlar quraşdırılır, müzakirənin mövzusu və hesabatla bağlı qəbul olunmuş qərarlar “Mingəçevir” qəzetində tam həcmdə çap olunur, ŞİH-nin internet səhifəsində yerləşdirilir. Qeyd etmək lazımdır ki, ötən dövr ərzində şəhər əhalisi üçün ictimai maraq kəsb edən qərarların qəbul edilməsi prosesinə ictimaiyyətin iştirakı daha geniş və mütəmadi təmin edilmişdir. Şəhər İcra Hakimiyyəti başçısının 08.06.2022-ci il tarixli Sərəncamı ilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30.05.2014-cü il tarixli 171 nömrəli qərarı ilə təsdiq edilmiş “İctimai Şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”nın 3-cü bəndinə əsasən Seçki komissiyası yaradılmış, 13 namizəd arasından 9 nəfər İctimai Şuraya üzv seçilmişdir. Seçkinin nəticələri namizədlər və media nümayəndələrinə elan edilmiş müvafiq protokol tərtib olunmuşdur. “İctimai Şura” dərhal fəaliyyətə başlamışdır. Əhali və şəhər üçün vacib olan məsələlər şəhər İcra Hakimiyyəti başçısı yanında Şuraya çıxarılmış, geniş kütlənin iştirakı ilə müzakirə edilmiş və müvafiq qərarlar qəbul edilmişdir. Belə məsələlərdən “Şəhərin payız-qış mövsümünə hazırlığı ilə bağlı”, “Vətəndaşların mülkiyyətinin və mühüm dövlət obyektlərinin mühafizəsi”, “Qəyyumluq və Himayə Komissiyasının fəaliyyəti haqqında” və digər məsələləri göstərmək olar. Bu məsələlərin müzakirəsində İctimai Şuranın üzvləri şəhər İcra Hakimiyyəti başçısı yanında Şuranın iclaslarında iştirak etmiş və aktiv şəkildə öz təkliflərini vermişlər. “Covid-19” koronovirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş karantin tədbirləri zamanı şəhər İcra Hakimiyyətinin başçısı yanında Şuranın iclasları onlayn qaydada, bu məhdudiyyətlər aradan qaldırıldıqdan sonra 2022-ci ilin aprel ayından Şuranın iclasları ənənəvi qaydada keçirilir. Ötən dövr ərzində Şuranın 21 iclası keçirilmiş və 38 məsələ müzakirə olunaraq müvafiq qərarlar qəbul edilmişdir. Şuranın qərarları dərhal aidiyyəti qurumlara göndərilir və icrası ciddi nəzarətə götürülür. ŞİH başçısı vaxtaşırı olaraq əhalinin müxtəlif təbəqələri ilə (Qarabağ Müharibəsi Əlilləri, gənclər, ağsaqqallar, ziyalılar, sahibkarlar, şəhid ailələri, Qeyri Hökumət Təşkilatları və sairə) görüşlər keçirir, bu görüşlərdə aparılan və gələcəkdə görülməsi planlaşdırılan işlər barədə onlar məlumatlandırılır, fikir və təkliflər öyrənilir və gələcək fəaliyyətlərdə nəzərə alınır. Şəhər İcra Hakimiyyəti başçısının şəhərin sosial-iqtisadi inkişafına yönəlmiş, əhalini narahat edən məsələlərlə bağlı qərarların qəbul edilməsində ictimaiyyətin rolunun yüksəldilməsi məqsədi ilə hər ayın sonuncu cümə günü şəhər ağsaqqallarının və ictimaiyyətin nümayəndələri ilə görüş keçirilir, həlli tələb olunan problemlər müzakirəyə çıxarılır, vətəndaşların fikirləri dinlənilir. Belə görüşlərin protokolları yazılır və bu protokollarda görüşdə səslənən təklif və fikirlər öz əksini tapır və qərarlar qəbul ediləndə nəzərə alınır. Mingəçevir şəhər İcra Hakimiyyəti vətəndaşların müraciət etmək hüquqlarının genişləndirilməsi, ümumiyyətlə onların müraciətlərinə, ərizə və şikayətlərinə vaxtında baxılması və cavablandırılması vəziyyətini daim nəzarətdə saxlamışdır. “Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı”nın icrası ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planı çərçivəsində nəzərdə tutulmuş tədbirlərin icrası davam etdirilir. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 04 aprel tarixli 3199 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədi ilə Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən aşağıdakı müvafiq işlər görülmüşdür: 1.Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının 19 aprel 2022-ci il tarixli 54 nömrəli Sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə illik iş planı təsdiq edilmişdir. 2.İş planı şəhərdə fəaliyyət göstərən şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumlara göndərilmiş və icrası nəzarətə götürülmüşdür. 3. “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” üzrə illik iş planında nəzərdə tutulmuş tədbirlərin icrasının vəziyyəti şəhər İcra Hakimiyyəti başçısının yanında keçirilən operativ müşavirələrdə vaxtaşırı müzakirə edilir. İllik iş planında nəzərdə tutulmuş şəhər İcra Hakimiyyətinin qurumlarında işə qəbul prosedurlarının şəffaflığının artırılması və bu sahədə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı şəhər İcra Hakimiyyətinin qurumlarının rəhbərlərinə rəsmi məktublar göndərilmiş və məsələ daima nəzarətdə saxlanılır. Aparatın İnformasiya sektoru və şöbələri, eləcə də şəhər İcra Hakimiyyəti başçısının Sahə İnzibati Ərazi Dairələri üzrə nümayəndəlikləri yerli icra hakimiyyətləri tərəfindən göstərilən elektron xidmətlərin sayının və səmərəliliyinin artırılması məqsədi ilə həmin xidmətlərin Elektron Hökumət Portalı vasitəsi ilə göstərilməsinə nail olmaq üçün səylərini artırmışlar. Şəhər İcra Hakimiyyəti başçısının aktları, əmr və Sərəncamları aparatın Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsi tərəfindən qeydiyyata alınır və elektron bazada yerləşdirilir. Hesabat ilində yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçota alınması istiqamətində müvafiq işlər görülmüşdür. Mənzil növbəliliyi komissiyasının 27 iclası keçirilmiş, komissiyada 74 vətəndaşın müraciətinə baxılmış 44 şəxs Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan şəxs hesab edilmiş və mənzil növbəliyinə götürülmüşdür. Onlardan istefaya buraxılmış hərbi qulluqçular-3, şəhid ailəsi-10, Vətən müharibəsi əlili 23, Hərbi xidmət dövrü əlil olmuş-1, Çernobıl AES qəzası zamanı əlil olmuş 2 və ümumi səbəbdən əlil olmuş 3 şəxs mənzil növbəliliyinə götürülmüşdür. Şəhər İcra Hakimiyyətində mənzil növbəsinə alınmış şəxslərin siyahısı şəhər İcra Hakimiyyətinin rəsmi internet səhifəsində yerləşdirilmişdir. Şəhərdə fəaliyyət göstərən dövlət idarə, müəssisə və təşkilat rəhbərləri tərəfindən vətəndaşların mütəmadi olaraq birbaşa qəbulları keçirilir. Bu qəbullar həftənin müxtəlif günləri müəyyən olunmuş vaxtlarda aparılır. 2022-ci il ərzində şəhər İcra Hakimiyyəti başçısının göstərişinə əsasən şəhərdə fəaliyyət göstərən və əhaliyə xidmət edən müəssisələrdə (Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsi, Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi, Mənzil Kommunal Təsərrüfatı Kombinatı, Su-kanal idarəsi, Lift idarəsi və sairə) vətəndaşların vəzifəli şəxslər tərəfindən qəbul olunması, ərizə və şikayətlərin dəftərxana tərəfindən qəbul edilməsi, qeydiyyata alınması, baxılması və cavablandırılmasının monitorinqi keçirilmiş, hər bir təşkilat üzrə müvafiq arayış yazılmış, məsələ ŞİH başçısı yanında Şuranın iclasında müzakirə olunmuş, aşkar edilmiş nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər görülmüşdür. 2022-ci il ərzində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən 29 qəbul keçirilmiş və 360 şəxs fərdi qaydada qəbul olunmuşdur. Bu qəbullarda qaldırılan məsələlərin əksəriyyəti mənzillə təmin olunma, işlə təmin olunmağa köməklik, maddi yardım edilməsi, ünvanlı dövlət sosial yardımın verilməsi və bu kimi məsələlər olmuşdur. 2022-ci ilin aprel- dekabr aylarında şəhər İcra Hakimiyyətinin başçısı 39 səyyarı görüş keçirmiş, bu görüşlərdə 2935-ə yaxın şəhər sakini iştirak etmiş, 345 şəxs problemlərlə bağlı müraciət etmişdir. Səyyari görüşlərdə edilən müraciətlərin əksəriyyəti məhəllələrdə abadlıq işlərinin görülməsi, məhəllədaxili yollara və səkilərə asfalt örtüyünün qoyulması, zirzəmilərdə təmizlik işlərinin aparılması, məişət tullantılarının vaxtında götürülməsi, ağacların suvarılması və budanması, su və kanalizasiya xətlərinin dəyişdirilməsi və təmiri, istilik sisteminin bərpası, mənzillə təmin olunma, işlə təmin olunma, ünvanlı sosial yardım verilməsi və sair məsələlər olmuşdur. Vətəndaşların müraciətləri diqqətlə dinlənilmiş və həlli istiqamətində şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülməsi üçün aidiyyəti üzrə göstərişlər verilmiş, tapşırıqların icrasına nəzarət edən şəxslər müəyyənləşdirilmişdir. 2022-ci il ərzində ərizə və şikayətlərin qəbulu və rəsmi cavablandırılması, eləcə də elektron qaydada qəbulu və cavablandırılması işi də xeyli təkmilləşdirilmişdir. Dekabr ayının 20-dək şəhər İcra Hakimiyyətinə vətəndaşlar tərəfindən 1373 ərizə və müraciət daxil olmuşdur. Bu müraciətlərin təhlili göstərir ki, vətəndaşları narahat edən ən kəskin problem mənzil problemidir- 193 müraciət, ünvanlı sosial yardımın verilməsi 43 müraciət, işlə təmin olunma 147 , sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün torpaq sahəsinin ayrılması- 147 və tikintiyə icazə 161 müraciət olmuşdur. Daxil olmuş bütün ərizə və şikayətlər müvafiq qaydada baxılmış, hər müraciət üzrə vətəndaşa ətraflı izahat verilmiş, yaxud ünvanına cavab məktubu göndərilmişdir. Şəhər İcra Hakimiyyəti başçısı yanında şəhərin idarə, müəssisə və təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən müşavirələrdə mütəmadi, ayda 1 dəfədən az olmayaraq dövlət qulluqçularının maraqlarının toqquşmasının qarşısının alınması, dövlət qulluqçularının etik davranış qaydalarına riayət etmələri haqqında mütəmadi treninqlər və kurslar təşkil edilir. Bütün bu tədbirlərin nəticəsidir ki, 2022-ci il ərzində dövlət qulluqçularının etik davranış qaydalarını pozmaları barədə şikayətlər daxil olmamışdır. Dövlət satınalmaları üzrə keçirilən tenderlərin aparılması üçün şəhər İcra Hakimiyyəti başçısının Sərəncamı ilə müvafiq tender komissiyası yaradılıb. Bu komissiya mütəmadi olaraq dövlət satınalmaları üzrə keçirilən müsabiqələrdə iddiaçıların hüquqlarının qorunması, şikayətlərə baxılması, tenderin şəffaf keçirilməsi məqsədi ilə təlimatlandırılır. Dövlət satınalmaları üzrə tender komissiyasının işi daim rəhbərlik tərəfindən nəzarətdə saxlanır və bu nəzarətin nəticəsidir ki, iddiaçılar tərəfindən hüquqlarının pozulması ilə bağlı heç bir şikayət daxil olmamışdır. Qeyd etmək lazımdır ki, vətəndaşların məlumat azadlığından istifadə etməsi, dövlət orqanlarında şəffaflığın təmin edilməsi, vətəndaşlarla mədəni və vicdanlı davranış, korrupsiyanın və maraqların toqquşması hallarının qarşısının alınması, insanların hüquqlarına, şərəf və ləyaqətlərinə hörmət, qərəzçilik, digər etik qayda və prinsiplərə əməl edilməsi məsələləri də daim nəzarətdə saxlanılır. Şəhər əhalisini maraqlandıran və narahat edən problemlər haqqında yerli mətbuatda mütəmadi yazılar çap edilir. Dövlət qulluqçularının davranışları haqqında, şəffaflığın artırılması, digər bu qəbildən olan və əhalini narahat edən məsələlər üzrə şəhər sakinlərinin fikrini öyrənmək məqsədi ilə mütəmadi sorğular aparılır, şəhərdə nəşr edilən qəzet və jurnallarda bu məsələlər barədə məqalələr çap edilir. “Korrupsiyaya qarşı mübarizəyə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı” ilə nəzərdə tutulmuş tədbirlərin Mingəçevir şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçirilməsi davam etdirilir.