Zəfər şərəfinə park
30 iyun 2022 | 18:29
2020-ci ilin sonlarında 44 günlük Vətən müharibəsində 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad olunması Azərbaycanın tarixinin şanlı səhifəsidir. Bu vətən savaşında şücaətlər göstərərək şəhid olan, fiziki sağlamlığını itirərək qazi olan, gecə-gündüz keşikdə dayanan veteranlarımıza ehtiramımız sonsuzdur. Bu qəhrəmanlarımızın şəninə kitablar nəşr olunur, şeirlər, bədii əsərlər, publisistik məqalələr, xatirələr yazılır, sənədli filmlər çəkilir. Eyni zamanda onların şərəfinə parklar salınır, xatirə lövhələri yaradılır. Mingəçevir şəhərində Heydər Əliyev prospektinin başlanğıcında dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə böyük zəfər qazanan Azərbaycanın Milli Ordusunun qəhrəman əsgərlərinin xatirəsinə ehtiram olaraq “Zəfər şərəfinə” parkın salınmasına start verilib. İyun ayının 30-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov parkda işin gedişatı ilə tanış olmaq üçün həmin ərazidə olub. Burada Mənzil Kommunal Təsərrüfatı İstehsalat birliyinin işçiləri ilə görüşüb, tapşırıq və tövsiyələrini verib. Şəhər rəhbəri eyni zamanda işə cavabdeh olan şəxsləri parkın abadlaşdırılmasında ən müasir layihələrdən istifadə etməyi tapşırıb. Burada oturacaqlar, söhbətgahlar qoyulacaq, müasir tələblərə cavab verən fəvvarə yaradılacaq, yaşıllıq zolağı salınacaq, ağac və gül kolları əkiləcək, səkilər qaydaya salınacaq. İşıqlanma sistemi yaradılacaq, işıq dirəkləri qoyulacaq. Sakinlərin istirahəti üçün lazım olan bütün tədbirlər görüləcək. İcra başçısı iştirakçılar qarşısında çıxış edərək şəhərimizin gözəlləşməsi, insanların məmnunluq hisslərinin artırılması istiqamətində ölkə rəhbəri İlham Əliyevin tapşırıq və tövsiyələrinin bundan sonra da layiqincə yerinə yetiriləcəyini bildirdi.