Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni yaradılan xiyabana baxış keçirildi

19 iyul 2024 | 15:43

İyul ayının 19-də Mingəçevir şəhər Heydər Əliyev prospektində, 20 Yanvar və M.F.Axundov küçələrinin aralığında yerləşən Xiyabanda görülən quruculuq və əsaslı təmir işlərinə baxış keçirilib. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşlarının, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyevin və üzvlərinin, kommunal xidmət müəssisələrinin rəhbərlərinin və təmsilçilərinin, media nümayəndələrinin iştirak etdiyi tədbirin əsas məqsədi şəhərin gözəlləşməsi istiqamətində həyata keçirilən quruculuq işlərinə edilən əlavələrin təqdimatı idi.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə ölkəmizin hər yerində olduğu kimi, Mingəçevirdə də reallaşan quruculuq işlərinin sahəsi genişlənir. Şəhər İcra Hakimiyyətində təsdiq olunmuş cari ilin tədbirlər planına müvafiq olaraq sakinlərin rifah halının yaxşılaşdırılması, mənalı istirahətinin təmin olunması üçün parklarda və istirahət məskənlərində yeni əlavələr edilir, nümunəvi məhəllələr yaradılır, uşaqların və gənclərin sağlamlığı üçün idman və əyləncə qurğuları quraşdırılır. İştirakçılara məlumat verildi ki, 1 hektar ərazisi olan xiyaban 10 il əvvəl istifadəyə verilib. Şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən Memarlıq şöbəsinin rəhbərliyi ilə xiyabanın yeni layihəsi hazırlanıb və bu gün ictimaiyyətə təqdim edilir. Layihəyə əsasən ərazidə Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin kollektivi, İşıqlanma İdrarəsinin əməkdaşları bərpa-quruculuq işləri aparacaqlar. Əvvəlcədən yaşıllıq zolaqlarında mövcud olan fiziki cəhətdən ömrünü başa vurmuş ağacların budanması və təmizlik işləri aparılıb. Burada 150 kvadratmetr sahəyə, velosiped xətti üçün nəzərdə tutulmuş keçid yoluna, yeni tamet panellər düzülüb və həmin sahəyə müasir işıq dayaqları quraşdırılacaq. Xiyaban boyu lazım olan yerlərə bordürlər düzüləcək, köhnə oturacaqlar götürülərək yeniləri ilə əvəzlənəcək, kölgəliklərin üstü təmizlənəcək. Yaşıllıq zolaqlarına dekorativ bəzək və gül kolları, ağac tingləri əkiləcək, qazonlar döşənəcəkdir. Mövcud olan fəvvarə sökülərək şəlaləyəbənzər yeni fəvvarə quraşdırılacaq. Ayrı-ayrı yerlərdə şahmat meydanı hazırlanacaq, uşaqlar və böyüklər üçün idman və əyləncə qurğuları qoyulmaqla xüsusi meydanlar yaradılacaq.

Tədbirdə iştirak edən, fikir və təkliflərini səsləndirən mətbuat işçilərinin suallarını cavablandıran şəhər rəhbəri bildirdi ki, Mingəçevirin gözəlləşməsi, sakinlərin rahatlığı üçün küçə və məhəllələrdə yeni layihələrə başlanılıb, yeni nümunəvi məhəllələr yaradılır, yaşıllığın qorunması üçün suvarılma işləri aparılır. Əsas məqsədimiz vətəndaşların mənalı istirahətinin təminatı üçün gözəl şərait yaratmaqdır. Bu cür infrastruktur layihələrin icrasında şəhərin bir çox xidmət müəssisələrinin kollektivləri öz töhfələrini verməyə çalışırlar. Biz də hamılıqla gözəl şəhərimizin hüsnünün yenilənməsi üçün görüşlərimizi davam etdirəcək, yeniliklərin tətbiqinə, işlərin gedişatına ciddi yanaşmaqla qarşıdan gələn əziz bayramlarda vətəndaşların yeni xiyabanda istirahətini təmin etməyə nail olacağıq.

Keçidlər