Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni il ərəfəsində şəhid ailələrinə ordenlər təqdim olundu

30 dekabr 2022 | 16:02

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 noyabr 2022-ci il tarixli sərəncamına əsasən bir qrup şəhidə orden və medallar təqdim olunub. Həmin Sərəncama uyğun olaraq 13 nəfər Mingəçevir şəhidi də “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Həmin təltifə əsasən dekabr ayının 30-da Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təqdimat mərasimi keçirilib. Mərasimdə şəhid ailələrinin üzvləri ilə yanaşı Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti şəhər şöbəsinin rəisi, polkovnik Rövşən Məmmədov, hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət və mətbuat nümayəndələri iştirak edirdilər. Tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq torpaqlarımızın azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsində igidlik göstərən şəhidlərimiz haqqında qısa məlumat verdikdən sonra tədbirin mahiyyətini açıqladı. Qeyd etdi ki, Vətən müharibəsində göstərdikləri igidliklərə görə 13 nəfər Mingəçevir şəhidi cənab Prezidentin sərəncamı ilə “3-cü dərəcəli Vətənə xidmətə görə” ordeni ilə təltif edilmişdir. Bu gün biz həmin ordenləri şəhidlərin ailələrinə təqdim edirik. İcra başçısı bildirdi ki, 30 ilə yaxın müddətdən sonra, 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsində Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuz düşməni torpaqlarımızdan qovub çıxardaraq Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına nail olmuşdur. Bu müharibədə mingəçevirlilər də rəşadətlə iştirak edərək öz şücaətlərini göstərmişlər. İyirmi birinci əsrdə vətənpərvər övladlarımızın rəşadəti və xalqımızın sarsılmaz birliyi sayəsində dünyaya Azərbaycanın Zəfər tarixi yazılıb. Məhz bu qəhrəmanlarımızın şücaəti nəticəsində bu gün xalqımız əmin-amanlıq və xoşbəxt şəraitdə yaşayır. Mərasimdə 13 nəfər Mingəçevir şəhidinə verilmiş ordenlər təqdim olundu. Orden verilən şəhidlərin siyahısını təqdim edirik: Həmidov Mixail Hamletoviç, Əli İlqar oğlu Əhmədov, İslam İlqar oğlu Əhmədov, Emil Zaman oğlu Əmirov, Fuad Şöhrət oğlu Xankişiyev, Ülvi Şahin oğlu Qulamlı, Hüseyn Adil oğlu Abbasəliyev, Tural Əmir oğlu Orucov, Mikayıl Xalıqverdi oğlu Əlibəyli, Musa Tapdıq oğlu Həsənov, Tural Tapdıq oğlu Həsənov, Atiq Ariz oğlu İbrahimov, Elman Rakif oğlu Əliyev. Tədbirdə şəhid ailələrinin üzvləri çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər. Sonda xatirə şəkilləri çəkildi.

Keçidlər