“Yaşıl həmrəylikdən təhlükəsiz gələcəyə doğru” ekoloji forum keçirilib
29 oktyabr 2024 | 18:06
Oktyabr ayının 29-da Mingəçevir şəhər İcra Hakimiyyəti, Mingəçevir Dövlət Universiteti və Mingəçevir Regional ASAN Xidmətin birgə təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Məşğulluq Agentliyi, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsi, Mingəçevir Regional Turizm İdarəsi və Yaşıl ASAN proqramının tərəfdaşlığı “Yaşıl həmrəylikdən təhlükəsiz gələcəyə doğru” ekoloji forum keçirilib.
Forum iştirakçıları əvvəlcə uiniversitetin foyesində Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Sonra təhsil ocağının həyətində həmişəyaşıl ağac tingləri əkilib. Mingəçevir Dövlət Universitetinin akt zalında keçirilən forumda şəhər ictimaiyyətinin nümayəndələri, müvafiq qurumların rəhbərləri, təhsil, səhiyyə və mədəniyyət ocaqlarının təmsilçiləri, mətbuat işçiləri iştirak ediblər. Davamlı inkişaf, ətraf mühitin mühafizəsi və ekoloji tarazlığın qorunması sahələrinin mütəxəssislərini bir araya gətirərək müzakirə platforması təmin etməyi hədəfləyən Forum tullantıların yenidən istifadə oluna bilmə imkanlarını ifadə edən sərgiyə baxış ilə başlayıb. Torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərin və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Forum çərçivəsində ekoloji tarazlığın təmin olunmasına töhfə verən tərəflər bir araya gələrək müzakirələr aparıb və birgə fəaliyyət imkanlarını qiymətləndiriblər.
Açılış mərasimində Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 25 dekabr 2023-cü il tarixdə “Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında sərəncamında qeyd edilmişdir ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetlərindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Sərəncamdan irəli gələn məsələlər respublikamızda müvəffəqiyyətlə icra olunur. İşğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur, eləcə də Naxçıvan Muxtar Respublikası yaşıl enerji zonası elan olunmuşdur. Azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərində ətraf mühiitin qorunması prioritet kimi qarşıya qoyulmuşdur. Həmin ərazilərdə “Ağıllı şəhər”, “Ağıllı kənd” kimi innovativ yanaşmalar tətbiq edilir, ekosistem bərpa olunur. Ölkə ərazisində yaşıl enerji növlərinin yaradılması və yaşıl enerjinin dünya bazarına nəql edilməsi Azərbaycanın enerji siyasətinin prioritet məsələsidir. Respublikamız elektrik enerjisi istehsalının qoyuluş gücündə bərpa olunan mənbələrinin payının 2030-cu ilə qədər 30%-ə çatdırılmasını hədəfləyir.
Noyabr ayının 11-dən 22-sinədək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının – COP-29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi Azərbaycana böyük hörmət və etimadın nümunəsidir. Bu gün ölkəmiz milli regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə öz töhvəsini verir. Ölkə miqyasında keçirilən tədbirlər bu sahəyə böyük diqqətin ayrıldığnı özündə ehtiva edir. Sərəncamın qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsində Mingəçevir şəhərinin də payı vardır. Belə ki, şəhər İcra Hakimiyyətinin 27 fevral 2024-cü ildə təsdiqlədiyi Tədbirlər Planına uyğun olaraq şəhərin idarə, müəssisə və təşkilatları qarşısında mühüm vəzifələr qoyulmuşdur. “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar qəbul edilmiş Tədbirlər Planına uyğun olaraq bu günə qədər bir çox işlər görülmüş və görülməkdədir. Mingəçevir şəhər Gənclər Evində şəhər ictimaiyyətinin iştirakı ilə böyük tədbir keçirilib. Şəhərin idarə, müəssisə və təşkilatlarının kollektivləri parklarda, xiyabanlarda , yaşıllıq zolaqlarında yeni ağac tingləri, gül kolları əkmiş, eyni zamanda maarifləndirici tədbirlər keçirilmişdir. İcra Hakimiyyəti və 8 saylı Regional Екologiya və Təbii Sərvətlər idarəsinin birgə təşkilatçılığı ilə “Təmiz ölkəm” devizi ilə şəhərin müxtəlif ərazilərində dəfələrlə iməciliklər keçirilməklə təmizlik işləri aparılmışdır. Oktyabr ayının 18-dən 27-dək yaşıllıq zolaqlarına 10 mindən çox həmişəyaşıl ağac tingləri və gül kolları əkilməsi həyata keçirilmişdir. Bu müddətdə 14254 ədəd ağac və gül kolları əkilmişdir. Təkcə Azərbaycan İES ərazisində həftə ərzində 5 min ədəd zeytun ağacı əkilmişdir. Bu tədbirlər həm “Yaşıl dünya naminə həmrəylik ili”nə, həm də şəhərimizin yaşıllığına və abadlığına verilən töhfədir.
Forumda Mingəçevir Dövlət Universitetinin rektor vəzfəsini müvəqqəti icra edən Üzeyir Zeynalov, Mingəçevir Regional ASAN Xidmət Mərkəzinin direktoru Elxan Cəfərov, Yaşıl ASAN ekoloji proqramının rəhbəri Rza Mirzəzadə çıxış edərək fikirlərini bölüşmüş, il ərzində rəhbərlik etdikləri qurumların fəaliyyətindən danışaraq forumun işinə uğurlar arzulamışlar. Sonra MDU-nun baş müəllimi Vüsalə Mustafayeva “İqlim dəyişkınliyi təhsildə hansı üstün gələcəyi vəd edir?” MDU-nun baş müəllimi Aysel Bayramova “COP29 Azərbaycanın liderliyi ilə yaşıl planetin xilası” mövzularında məruzələr etmişlər.
Forum öz işini panel müzakirələrlə davam etdirmişdir.