Şriftin ölçüsü :

Saytın rəngi :

Yanvar ayının 19-da Mingəçevir şəhərinin bir çox məhəllələrində görülən işlərə baxış keçirilib.

19 yanvar 2024 | 16:57

Nur şəhəri Mingəçevirin hüsnünə yeniliklər edilir, şəhər gözəlləşir, abadlaşır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən abadlıq-qurucluq işlərinin sahəsi ilbəil genişlənir. Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq ötən illərdə həyata keçirilən əsaslı təmir işləri davam etdirilir. Yanvar ayının 19-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun, aparatın məsul işçilərinin, ictimaiyyət və mətbuat nümayəndələrinin, kommunal xidmət müəssisələrinin rəhbərlərinin və nümayəndələrinin iştirakı ilə şəhərin bir çox məhəllələrində görülən işlərə baxış keçirilib. Tədbir şəhərin 127-ci məhəlləsinə, N.Nərimanov küçəsinə baxışla başlayıb. 34, 36, 38, 40 və 42 saylı binalarda və məhəllədə yaradılan şəraitlə tanışlıq zamanı məlumat verildi ki, ərazinin abadlaşdırılması, səliqə sahmanın yaradılması xüsusi nəzarətdə saxlanılır. Burada kanalizasiya sisteminin çəkilişi tam başa çatıb, işıqlanma sistemi quraşdırılıb, binaların qarşısına oturacaqlar qoyulub, söhbətgahlar yaradılıb, ərazi asfaltlanıb, bordürlər qoyulub. Sakinlərin istirahəti üçün gözəl şərait yaradılıb. Binaların ümumi istifadə sahələri əsaslı təmir edilib, giriş dəhlizləri suvanaraq rənglənib, seyf qapıları və plastik pəncərələr quraşdırılıb. Eyni zamanda problemlər də diqqətdən qaçmadı. Belə ki, binaların alt mərtəbələrində mövcud olan sahibkar müəssisələrinin laqeydliyi ucbatından zirzəmilərə çirkab suların axıdılması, həmçinin bərbad halda olan kommunikasiya xətlərinin xoşagəlməz vəziyyət yaratması sakinlərin narazılığına səbəb olur. Şəhər rəhbəri bununla bağlı müvafiq müəssisə rəhbərlərinə tapşırıqlarını verdi və problemin təcili həll edilməsini tövsiyə etdi. İctimai baxış Nizami, Ş.İ.Xətai küçələrində davam etdirildi. Burada da yaşayış binalarının ümumi istifadə sahələrində təmir bərpa işləri aparılıb və davam etdirilir. Qeyd etmək lazımdır ki, binaların hər birinin qarşısı və arxa tərəfində piyada keçid yollarının asfaltlanması prosesi həyata keçirilir. Bordürlərin qoyulması başa çatıb. Mingəçevirdə kanalizasiya sisteminin müasir formada yenidən qurulmasının uğurla aparılması sakinlərin ürəyincədir. Bunun sayəsində binalarda və şəhərin bir çox ərazilərində antisanitariya vəziyyəti aradan qalxıb. Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bildirdi ki, N.Nərimanov küçəsi boyunca mövcud olan əsas problem, kanalizasiya şəbəkəsində olan narahatlıq əsasən yağışlı günlərdə gərgin vəziyyət yaradırdı. Artıq bu problemlərin də aradan qaldırılması başa çatmaq üzrədir. Gördüyünüz kimi, küçədə asfaltlanma işləri başlayıb və Əliağa Vahid küçəsinin kəsişdiyi əraziyə qədər davam etdiriləcəkdir. Şəhərimizin gözəlləşməsi, sakinlərin rahatlığının təmin edilməsi məqsədi ilə başlanan tikinti-quruculuq işləri bu il də idarə və müəssisələrin kollektivləri tərəfindən müvəffəqiyyətlə davam etdirilir. Başlıca məqsədimiz dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirməkdir. Ötən illər ərzində park və istirahət məskənləri yaradılıb, işıqlanma sistemi müasir formada yenidən qurulub, nümunəvi məhəllələr istifadəyə verilib, uşaq və gənclərin fiziki sağlamlığının qorunması üçün əyləncə mərkəzləri yaradılıb, idman qurğuları quraşdırılıb, yaşıllıq zolaqları genişlənib. Sakinlərin istirahəti üçün oturacaqların qoyulması, söhbətgahların, yaradılması, idman qurğularının yerləşdirilməsi, futbol, voleybol, basketbol oyunları üçün meydançaların hazırlanması işlərinin həyata keçirilməsi bu il də nəzərdə tutulur. Bu il 6 nümunəvi məhəllə yaradılacaq, 55 binada işıqlanma sistemi tamamən başa çatdırılacaqdır. N.Nərimanov, Nizami, Ş.İ.Xətai küçələrinə baxışdan sonra H.Əliyev prospektindəki binalarla tanışlıq oldu. Burada işlərin bir hissəsi başa çatıb, görüləcək işlər haqqında müzakirələr aparıldı, qarşıya çıxan nöqsanlarla bağlı tapşırıqlar verildi. Qeyd etmək yerinə düşər ki, sakinlər binaların qarşısında söhbətgahların yaradılmasını çox bəyənirlər. Eyni zamanda işıqlanma sisteminin quraşdırılması axşam saatlarında küçələrə xüsusi gözəllik verir. Fərəhli haldır ki, görüş zamanı sakinlər şəhər rəhbərinə və iştirakçılara yaxınlaşaraq həyata keçirilən quruculuq işləri ilə bağlı fikir və arzularını ifadə etdilər, problemlərini dilə gətirdilər, gələcəkdə bu istiqamətdə işlərin davam etdirilməsini arzu etdilər. Şəhər rəhbəri sakinlərlə söhbət zamanı dedi ki, quruculuq işləri 2024-cü ildə də uğurla aparılacaqdır.

Keçidlər