Xalq artisti Valeh Kərimovun 80 illik yubiley tədbiri keçirildi
06 aprel 2024 | 16:42
Ölkəmizdə mədəniyyət xadimlərinə böyük diqqət göstərilir. Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətimizin inkişafı məqsədi ilə keçirilən rəngarəng tədbirlər ictimaiyyətin böyük marağına səbəb olur. Xüsusilə ölkə Prezidenti İlham Əliyevin sənət adamlarına göstərdiyi diqqət, fəxri adların və fərdi təqaüdlərin verilməsi, yubiley tədbirlərinin keçirilməsi sənətçilərin ruh yüksəkliyi ilə qarşılanır. Aprelin 6-da Mingəçevir Dövlət Dram Teatırında Azərbaycan Respublikasının xalq artisti, Prezidentin fərdi təqaüdçüsü Valeh Kərimovun 80 illik yubileyi münasibəti ilə baş tutan yubiley tədbiri də yaddaqalan oldu.
Mingəçevir Dövlət Dram Teatırının direktoru İntiqam Soltanın, baş rejissor Vüsal Mehrəliyevin və ssenari müəllifi yazıçı Elçin Məhərrəmlinin birgə hazırladığı tamaşa-kompozisiya böyük coşqu ilə qarşılandı. Mingəçəvir Dövlət Dram Teatrının quruluşçu rejissoru Valeh Kərimovun 80 illik yubileyi münasibətilə Mingəçevir Dövlət Dram Teatrında 01-06 aprel tarixlərdə "Valeh Kərimov həftəsi" keçirilib. Ayın 1- dən başlayaraq 5-nə kimi hər gün Valeh Kərimovun quruluş verdiyi tamaşalar nümayiş olunub.
Yubiley tədbirinin yekunu isə aprelin 6-da yubiley gecəsi ilə başa çatıb. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, teatrsevərlər, Azərbaycan Akademik Milli Dram Teatrı, Sumqayıt Dövlət Dram Teatrı, Gəncə Dövlət Dram Teatrı, Gəncə Kukla Teatrı, Qazax Dövlət Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Bakı-Uşaq və Gənclər Teatrının, Ağdam, Ağdaş, Ucar teatrlarının rəhbərləri və aktyorları iştirak etməklə təbriklərini çatdıraraq, hədiyyələr təqdim ediblər.
Şəhər ictimaiyyətinin və ölkəmizin müxtəlif bölgələrindən gələn sənət adamlarının iştirak etdiyi mərasimdə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov ulu öndər Heydər Əliyevin mədəniyyətimizin inkişafı istiqamətində həyata keçirdiyi işlərdən, sənət adamlarına göstərdiyi diqqət və qayğıdan danışaraq bu xəttin hazırda dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirildiyini bildirərək xalq artistinə təbrikini və xoş arzularını çatdıraraq Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanını təqdim etmişdir. Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin rəhbəri Aydın Bəşirov da təbriklərini çatdırmışdır.
Tədbir boyu sənət adamlarının təqdim etdiyi kompozisiyalar, tamaşalardan parçalar, musiqi nömrələri tamaşaçılar tərəfindən alqışlarla qarşılanmışdır. Həyatının 50 ildən çoxunu sənətə, teatra həsr edən, əsasən xalq şairi Vaqif Səmədoğlunun “Bəxt üzüyü” tamaşasındakı Moşu obrazı ilə sənət yolunda imzasını möhürləyən Valeh Kərimov ona göstərilən diqqətə görə, Ölkə Prezidentinin mədəniyyətə xüsusi önəm verdiyinə görə minnətdarlığını bildirmiş, bundan sonra da Mingəçevir tamaşaçıları üçün yeni-yeni tamaşaların hazırlanmasında xidmətlərini göstərəcəyini bildirmişdir.