Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidləri Yasən Əhmədov və Nicat İbişovun məzarı ildönümü ərəfəsində ziyarət olundu

27 oktyabr 2022 | 09:23

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində cəbhənin Tərtər-Ağdərə istiqamətində döyüş əməliyyatlarında iştirak edərək şəhid olan baş gizir Əhmədov Yasən Yelmar oğlu və əsgər İbişov Nicat Vasif oğlunun məzarı ziyarət olundu, ruhlarına dualar edildi, hörmət və ehtiram bildirildi. S.Hidayətov şəhər İcra Hakimiyyəti Başçısı adından Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. P.Məmmədov Qarabağ müharibəsi əlilləri və veteranları adından şəhidimizin ailəsinə baş sağlığı verib. Yasən Əhmədov uzun müddət Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət etmişdi. 1991-ci ildə könüllü olaraq Birinci Qarabağ müharibəsində iştirak etmişdi. Xidməti dövründə müxtəlif medallar və fəxri fərmanla təltif edilmişdi. Nicat İbişov 2020-ci ilin aprel ayında əsgəri xidmətini başa vurmuşdu. Lakin 6 ay sonra başlanan Vətən müharibəsinə o da səfərbər oldu və digər döyüş yoldaşları kimi torpaqlarımızın işğaldan azad olunmasında iştirak etdi. Onlar hər ikisi eyni istiqamətdə Suqovuşan yaşayış məntəqəsinin və Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdilər və şəhidlik məqamına yüksəldilər. Vətən müharibəsinin təntənəsi təkcə işğal altındakı torpaqların yağı düşməndən qurtuluşu deyil, eyni zamanda Azərbaycan xalqının milli kimliyinin nə qədər yüksək olduğunun bütün dünyaya nümayişidir. Bunun təməlində həmrəylik, milli qürur, ləyaqət və güc dayanır. Biz həm ərazi bütövlüyümüzü, həm ədaləti, həm də milli ləyaqətimizi bərpa etdik. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən şəhid baş gizir Əhmədov Yasən Yelmar oğlu (ölümündən sonra) “3-cü dərəcəli vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə, şəhid əsgər İbişov Nicat Vasif oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunublar. Allah şəhidlərimizə rəhmət etsin.

Keçidlər