Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Nicat İbişovun məzarı ziyarət olundu

25 oktyabr 2023 | 16:49

27 sentyabr 2020-ci ildə başlanan Vətən müharibəsində cəbhənin Tərtər-Ağdərə istiqamətində döyüş əməliyyatlarında iştirak edərək şəhid olan əsgər İbişov Nicat Vasif oğlunun məzarı 25.10.2023-cü il tarixdə ailəsi və yaxınları tərəfindən ziyarət olundu, ruhuna dualar edildi. Torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması, ərazi bütövlüyümüzün bərpa edilməsi uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr və dözüm diləndi. Təhsil aldığı 19 nömrəli tam orta məktəbin müəllim və şagirdləri tədbirdə şəhidimizlə bağlı şerlər səsləndirdi. Nicat İbişov 2020-ci ilin aprel ayında əsgəri xidmətini başa vurmuşdu. Lakin 6 ay sonra başlanan Vətən müharibəsinə səfərbərlik üzrə çağırıldı. Döyüş yoldaşları kimi o da Suqovuşan qəsəbəsinin və Talış kəndinin azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdi və şəhidlik məqamına yüksəldi. Həmin dövründə hər bir Azərbaycan vətəndaşı ordumuzun və dövlətimizin ətrafında sıx birləşərək, əlindən gələni əsirgəmədi. Ordu-xalq birliyi düşmən üzərində şanlı Qələbəmizə gətirib çıxartdı. Bu Qələbə hər bir azərbaycanlı üçün ən dəyərli hədiyyə oldu. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən şəhid İbişov Nicat Vasif oğlu (ölümündən sonra) “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.

Keçidlər