Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Məmmədli Məhəmməd Murad oğlunun doğum günü 22 avqust 2022-ci ildə məzarı önündə ruhuna hörmət və ehtiramla qeyd olundu.

23 avqust 2022 | 10:06

Vətən müharibəsində cəbhənin Tərtər istiqamətində döyüş əməliyyatlarında iştirak edərək Suqovuşanın azad olunması uğrunda şəhid olan Məmmədli Məhəmməd Murad oğlunun 22 avqust 2022-ci ildə doğum günü məzarı önündə ruhuna hörmət və ehtiramla qeyd olundu. Şəhidin məzarı üzərinə gül dəstələri düzüldü. Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızin müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar edildi. Mərasimdə şəhidin ailə üzvləri,yaxınları, şəhid ailələri, müharibə əlilləri və digər ziyarətə gələn insanlar iştirak etdi. Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov çıxış edərək şəhidin ailəsinə baş sağlığı verdi, Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan söz açdı. Rəşadətli ordumuzun, qəhrəman oğullarımızın qəhrəmanlıq göstərərək həyatları bahasına torpaqlarımızı düşməndən azad etdiklərini bildirdi. 3-cü dərəcəli Vətən müharibəsi əlili Pərviz Məmmədov müharibə əlilləri adından şəhidin anasına səbr və dözüm dilədi. Qeyd olundu ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri şəhid ailələrinin, müharibə əlillərinin və veteranlarının sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunması, hər cür qayğı ilə əhatə olunması, qazilərə diqqət və qayğının göstərilməsidir. Çıxış edənlər 28 yaşı tamam olan şəhid Məmmədli Məhəmmədin keçdiyi qısa və mənalı həyat yolundan söz açdılar. Vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman şəhidlərin uyuduqları xiyabanın hər birimizin and yerinə çevrildiyini bildirdilər. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən Məmmədli Məhəmməd ölümündən sonra "Vətən uğrunda" medalı, "Suqovuşanın azad olunmasına görə" medalı və "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Allah şəhidlərimizə rəhmət eləsin !

Keçidlər