Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Əliyev Elçin Rasim oğlunun məzarı ziyarət olundu

04 oktyabr 2022 | 16:09

Vətən müharibəsində cəbhənin Tərtər-Ağdərə istiqamətində döyüş əməliyyatlarında iştirak edərək şəhid olan Elçin Əliyevin məzarı 04 oktyabr 2022-ci il tarixdə Mingəçevir Şəhidlər Xiyabanında ziyarət olunub, məzarına gül dəstəsi qoyulub, xatirəsi ehtiramla yad edilib və şəhidlərimizin ruhuna dualar oxunub. Tədbirdə şəhid ailələri, şəhidin yaxın qohumları, vətən müharibəsi əlilləri, hərbiçilər, şəhər sakinləri və digər ziyarətə gələnlər iştirak ediblər. S.Hidayətov şəhər İcra Hakimiyyəti Başçısı adından şəhidin ailəsinə baş sağlığı verib, şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyib. Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyünün təmin edilməsi, torpaqlarımızın müdafiəsi və işğaldan azad olunması uğrunda canını fəda edərək həlak olan qəhrəman şəhidlərimiz daim yad olunur, xalqımızın və millətimizin qəlbində daim yaşayacaqdır. Elçin Əliyev Azərbaycan Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində gizir hazırlıq kursunu piyadanın döyüş maşını komandiri ixtisası üzrə bitirmiş və gizir hərbi rütbəsində xidmətə başlamışdır. Xidmət etdiyi dövrdə Fəxri fərmanla və “Azərbaycan Ordusunun yaranmasının 100 illiyi yubiley” medalı ilə təltif edilib. 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyinin azad olunmasında iştirak etmişdir. İxtisası üzrə ona həvalə olunmuş PDM-2 döyüş maşınını çox bacarıqla idarə edirdi. Vətən müharibəsi zamanı ən son Tərtər rayonunun Talış kəndinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Sentyabrın 28-də Talışkəndin azad olunması uğrunda aparılan döyüşlər zamanı döyüş maşınının yanına mərmi düşməsi nəticəsində şəhid olub. Şəhidimiz 04 oktyabr 2020-ci ildə Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə gizir Əliyev Elçin Rasim oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə” medali ilə təltif edilmişdir. Allah şəhidlərimizə rəhmət etsin.

Keçidlər