Vətən müharibəsi şəhidi Əli Əsədovun məzarı ildönümündə ziyarət olundu
13 oktyabr 2022 | 07:58
Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunmasında, Tərtər-Ağdərə istiqamətində, döyüş əməliyyatlarında iştirak edərək vətən uğrunda şəhid olan Əsədov Əli Akif oğlunun məzarı ziyarət olundu, şəhidin ruhuna hörmət və ehtiram bildirildi. Şəhidin məzarı üzərinə gül dəstələri düzüldü. Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızin müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar edildi. Mərasimdə şəhidin ailə üzvləri,yaxınları, şəhid ailələri, müharibə əlilləri, ilahiyyatçılar və digər ziyarətə gələn insanlar iştirak etdi. Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi S.Hidayətov şəhər İcra Hakimiyyəti Başçısı adından şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə şəfa dilədi. 3-cü dərəcəli vətən müharibəsi əlili P.Məmmədov müharibə əlilləri adından şəhidin ailəsinə səbr və dözüm dilədi. Şəhid Əli Əsədov 2020-ci ilin sentyabr ayının 27-si ehtiyatdan səfərbərlik üzrə çağırılır. Düşmənin geniş miqyaslı təxribatının qarşısının alınması üçün döyüşlərə cəlb olunur, torpaqların yağı düşməndən azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edir və oktyabr ayının əvvəlləri şəhidlik zirvəsinə ucalır. Oktyabr ayının 13-də Mingəçevir Şəhidlər Xiyabanında uğrunda can verdiyi torpağa tapşırılır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə Əsədov Əli Akif oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı, 29.12.2020-ci il tarixli Sərəncamı ilə "Suqovuşanın azad olunmasına görə" medalı və 24.06.2021-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilir. Allah şəhidlərimizə rəhmət etsin.