Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Elcan Abbasovun doğum günündə məzarı ziyarət olundu

23 sentyabr 2022 | 15:19

Vətən müharibəsində cəbhənin Füzuli istiqamətində Qubadlının, Hadrutun, Kəlbəcərin azad olunması uğrunda döyüş əməliyyatlarında iştirak edən və Şuşanın azad olunması uğrunda gedən döyüşlərdə şəhid olan Abbasov Elcan Əfsəddin oğlunun 23 sentyabr 2022-ci il tarixdə doğum günü məzarı önündə ruhuna hörmət və ehtiramla yad olundu. Şəhidin məzarı üzərinə gül dəstələri düzüldü. Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızin müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar edildi. Mərasimdə şəhidin ailə üzvləri,yaxınları, şəhid ailələri, müharibə əlilləri və digər ziyarətə gələn insanlar iştirak etdi. Şəhidin qısa ömür yolundan, həyatından söhbət açıldı. Elcan Abbasov hərbi xidmətə qədər qarmon aləti üzrə musiqi təhsili almışdı və eyni zamanda idmanın yunan-roma güləş növü ilə də məşğul olmuşdur. Tovuz rayonunda müddətli həqiqi hərbi xidmətdə olarkən müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmək arzusunda olub və ona görədə bu şərəfli yolu seçmişdi. Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi Seymur Hidayətov şəhər İcra Hakimiyyəti Başçısı adından şəhidlərimizə Allahdan rəhmət və yaxınlarına səbr dilədi. Şəhidin keçdiyi şərəfli döyüş yolundan danışdı. 44 günlük Vətən müharibəsində Elcan Abbasov şəxsi igidlik və şücaət göstərib. 2020-ci il noyabr ayının əvvələrində Şuşanın azad olunması uğrunda döyüşlərdə şəhid olub . Noyabr ayının 11-də Mingəçevir Şəhidlər Xiyabanında dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Elcan Abbasov (ölümündən sonra) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda“ 29 dekabr 2020-ci il tarixli sərəncamı ilə "Kəlbəcərin azad olunmasına görə" medalı, "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib. Vətənin müdafiəsi zamanı düşmən hücumunun qarşısının alınmasında, işğal edilmiş ərazilərin azad olunmasında, düşmənin canlı qüvvəsinin məhv edilməsində igidlik və mərdlik nümunəsi göstərdiyinə görə Elcan Abbasov (ölümündən sonra) Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə “ 3-cü dərəcəli Rəşadət Ordeni ” ilə təltif edilib. Allah şəhidlərimizə rəhmət eləsin!

Keçidlər