Vətən müharibəsi şəhidi Cəfər Eylasovun doğum günü məzarı yanında qeyd olundu
30 sentyabr 2022 | 15:32
Vətən müharibəsində cəbhənin Füzuli istiqamətində döyüş əməliyyatlarında iştirak edərək ətraf kəndlərin və Füzulinin azad olunması uğrunda şəhid olan Eylasov Cəfər Yavər oğlunun 30 sentyabr 2022-ci il tarixdə doğum günü məzarı önündə ruhuna hörmət və ehtiramla qeyd olundu. Şəhidin məzarı üzərinə gül dəstələri düzüldü. Azərbaycan Respublikasının azadlığı, suverenliyi, ərazi bütövlüyü, torpaqlarımızin müdafiəsi və işğaldan azad olunması uğrunda həlak olan şəhidlərimizin ruhuna dualar edildi. Mərasimdə şəhidin ailə üzvləri,yaxınları, şəhid ailələri, müharibə əlilləri Veysəloğlu MMC-in işçi heyəti və digər ziyarətə gələn insanlar iştirak etdi. Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin böyük məsləhətçisi S.Hidayətov şəhər İcra Hakimiyyəti Başçısı adından şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr, qazilərimizə şəfa dilədi, Füzuli istiqamətindəki döyüş əməliyyatlarından, Azərbaycanın igid əsgər və zabitlərin şücayətindən danışdı. 3-cü dərəcəli Vətən müharibəsi əlili P.Məmmədov müharibə əlilləri adından şəhidin ailəsinə səbr və dözüm dilədi. Cəfər Eylasov 2020-ci ilin sentyabr ayının əvəlləri səfərbərlik üzrə çağırılmışdı. Təlimlərdə iştirak etdikdən sonra sentyabr ayının 27-si düşmən təxribatının qarşısının alınması üçün döyüşlərə cəlb olunur, ətraf kəndlərin və Füzulinin azad olunması uğrunda gedən döyüş əməliyyatlarında iştirak edir, oktyabr ayının 30-da Aşağı Seyidəhmədli kəndində şəhidlik zirvəsinə ucalır. Oktyabr ayının 31-də Mingəçevir Şəhidlər Xiyabanında torpağa tapşırılır. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamı ilə Eylasov Cəfər Yavər oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı, 25.12.2020-ci il tarixli Sərəncamı ilə "Füzulinin azad olunmasına görə" medalı və 24.06.2021-ci il tarixli Sərəncamı ilə "Cəsur döyüşçü" medalı ilə təltif edilib. Allah şəhidlərimizə rəhmət etsin.