Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi qazisi ilə görüş

10 mart 2023 | 09:46

44 günlük Vətən müharibəsi Azərbaycan xalqının birliyini dünyaya göstərdi. 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın danışıqlar yolu ilə azad edilməməsi, düşmənin hiylələri, havadarlarının ermənipərəst mövqeyi xalqımızın səbrini tükəndirmişdi. Üstəgəl atəşkəs əldə olunmasına baxmayaraq düşmənin hərbçiləri durmadan sərhəd bölgələrimizi atəşə tutur, dinc insanları, uşaqları, yaşlı insanları qətlə yetirirdilər. Dünya dövlətləri isə bu hadisələrə biganə yanaşırdı. Azərbaycan torpaqlarının qeyd şərtsiz azad olunması, ərazi bütövlüyünün təmin olunması çağırışları cavabsız qalırdı. İllər boyu dövlətimizin başçısı, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həmsədr dövlətlərlə birgə danışıqlarına göstərilən laqeydlik, hərbi hissələrə silahların yağdırılması düşmənə layiqli cavab verməyin vaxtı olduğunu göstərirdi. 2020-ci il sentyabr ayının 27-də düşmənin növbəti hücumu Azərbaycan Ordusu tərəfindən adekvat cavablandırıldı. Həmin gün Vətən müharibəsinin başlandığı tarix oldu. Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin dövlətçiliyimizin qorunması naminə Azərbaycan Ordusunun formalaşmasına, bazasının genişləndirilməsinə göstərdiyi xüsusi diqqət Vətən müharibəsində Azərbaycanın qələbəsini təmin etdi. 44 gün davam edən Vətən müharibəsinə könüllü gedən vətən övladları qəhrəmanlıq nümayiş etdirdilər. Yurdumuzun ərazi bütövlüyünün təmin olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi hər zaman əziz tutulur. Vətən müharibəsində rəşadət göstərən qazilərimizə Allahdan şəfalar diləyirik. Qazilərimizə göstərilən dövlət qayğısı davam edir, onların müalicəsinin təmin edilməsinə xüsusi önəm verilir. Vətən müharibəsində iştirak edərək şücaətlər göstərən, cənab Prezidentin müvafiq sərəncamları ilə medallarla təltif olunan mingəçevirli Muradov Orxan Fazil oğlu da gərgin döyüşlərdə ayağından qəlpə yarası almışdır. Zəfərlə başa çatan müharibədən keçən iki il ərzində o Azərbaycanın bir çox xəstəxanalarında müalicə almasına baxmayaraq onun ayağındakı qəlpələr fəsadlar göstərməyə başlamışdır. Belə ki, son zamanlarda gənc qazi Orxanın səhhətində problem çoxalmışdır ki, bu da onun sol ayağında amputasiya prosesini qaçılmaz etmişdir. Mart ayının 9-da Vətən müharibəsi qazisi Muradov Orxan Fazil oğlunun evinə gedən, qəhrəman döyüşçünü ziyarət edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, Mərkəzi şəhər xəstəxanasının publik-hüquqi şəxsin direktoru Faiq Abdullayev, Vətən müharibəsi qazisi Pərviz Məmmədov, o cümlədən digər aparat nümayəndələri qaziyə sağlamlıq arzulamışlar. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüş zamanı 44 günlük Vətən müharibəsindəki möhtəşəm zəfərdən, bu döyüşlərdə rəşadət göstərən qəhrəmanlarımızın fədakarlıqlarından danışmış, torpaqlarımızın bütövlüyünün təmin olunmasında xidmətləri olan şəhidlərə Allahdan rəhmət diləmiş, qazilərə can sağlığı arzulamışdır. O, qazilərin sağlamlıqlarının təmin olunmasına yönələn diqqətdən danışmış, Orxanın müalicəsi üçün bundan sonra da lazım olan bütün köməkliklərin göstəriləcəyini bəyan edərək ailəsinin problemləri ilə maraqlanmışdır. Qeyd edək ki, Orxan Muradovun müalicəsi Mingəçevir şəhər xəstəxanasında davam etdiriləcəkdir. “Mingəçevir” qəzeti

Keçidlər