Şriftin ölçüsü :

Saytın rəngi :

Uşaq hüquqları

29 sentyabr 2025 | 14:47

Uşaq hüquqları — dünyadakı bütün uşaqların qanunla və ya əxlaqi baxımdan doğulduqları gündən sahib olduqları, təhsil, sağlamlıq, sığınma, fiziki, psixoloji və ya cinsi istismara qarşı qorunma kimi hüquqlarının hamısının birdən təyinində istifadə edilən universal anlayışdır. Uşaq hüquqları insan hüquqları anlayışının bir hissəsi kimi dəyərləndirilməlidir. Bu gün, dünyanın bir çox yerində mövcud olan insan hüquqları pozuntuları, uşaq ölçüsündə daha geniş əhatəli və böyüyərək, müdaxilə edilməsi daha çətin bir şəkildə iştirak etməkdədir. Beynəlxalq Əfv Təşkilatının bildirdiyinə görə, az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrdə əmək istismarı, pornoqrafiya, şiddət, qanundankənar mənfi faktorların daxilində, uşaq hüquqlarının pozulması daha böyük ölçülərdə olur. Uşaqların yeniyetmələrdən fərqli fiziki, fizioloji, davranış və xüsusiyyətləri olduğu, davamlı böyümə və inkişaf göstərdiyi şüurunun yerləşməsi, uşaqların baxımının bir cəmiyyət problemi olduğu və elmi yanaşmalarla hər kəsin bu məsuliyyəti yüklənməsi lazım olduğu düşüncəsi, Cenevrə Uşaq Hüquqları Bəyannaməsi ilə təsbit edilmişdir. Hazırda uşaq hüquqları ilə əlaqədar olan beynəlxalq sənəd 20 noyabr 1989-cu ildə BMT tərəfindən qəbul edilən və 193 ölkə tərəfindən təsdiq edilmiş olan Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Haqqında Konvensiyasıdır. Ölkəmizdə isə bu sahə "Uşaq hüquqları haqqında" Qanunla tənzimlənir. Bu hüquqlara yaşamaq, ad almaq, valideyn qayğısı görmək, heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşamaq, öz fikirlərini azad ifadə etmək, informasiya almaq və ünsiyyət qurmaq, fikir, vicdan və din azadlığı daxildir. Valideynlər (qanuni nümayəndələr) uşaqların bu hüquqlarını həyata keçirərkən dövlət orqanları ilə birlikdə onların sosial müdafiəsi, təhsili, tərbiyəsi, həmçinin sağlam böyümələri üçün fəaliyyət göstərməlidirlər. Qeyd edilən hüquq və azadlıqlarla yanaşı uşaqların zərərli vərdişlərdən qorunmaq hüququ da mövcuddur. Təəsüflər olsun ki, bu gün uşaqlarda zərərli vərdişlərə (narkotik, psixotrop maddə, energetik içkilər, internet asıllığı və s.) meyilliliyin şahidi olunur. Bu hala bəzən onların sosial çevrəsi, eyni zamanda internetdən nəzarətsiz istifadəsi səbəb ola bilir. Erkən yaşlarda yaranan bu vərdişlər gələcəkdə daha neqativ halların baş verməsinə gətirib çıxarır. Qısa müddət ərzində qazanılmış bu kimi vərdişlərdən qurtulmaq heç də asan olmur və uzun vaxt tələb edir, buna görə də valideynlər uşaqlara qarşı münasibətdə daim səbrli və təmkinli olmalıdırlar. Hörmətli valideynlər! Övladlarınızın zərərli vərdişlərdən xilas olması üçün aşağıdakılara diqqət edək: Bu kimi hallardan şübhələndiyiniz zaman övladınızın davranışlarını müşahidə edin; Zərərli vərdişlər zamanı uşaqlarda sosial əlaqələrin azalması, aqressiv davranışların artması, emosional dəyişiklik, həmçinin akademik bacarıqların azalması, yuxu və yemək rejimlərinin pozulması və s. kimi hallar baş verir. Uşaqların səhvlərini gördüyünüz zaman “Səndən utanıram, kaş ki mənim uşağım olmazdın” kimi sözlərdən istifadə etməyin, onlara öz köməyinizi göstərin; Belə hallarda övladınızın müalicəyə yönləndirilməsi işin əsas hissənini təşkil edir; Müalicə prosesində hər zaman onların yanında olun, bu halın keçib gedəcəyini, amma verilən məsləhətlərə ciddi şəkildə riayət edilməsinin vacibliyini izah edin; Unutmaq olmaz ki, zərərli vərdişlər zamanı bədən həm fiziki, həm də psixo-sosial təsirlərə məruz qalır, bu halda psixoloq xidmətindən istifadə özlərini rahat hiss etmələrinə və müalicəyə daha inamlı yanaşmalarına kömək olacaq; Yeni hobbilər qazanmalarına, asudə vaxtlarını ailəsi və yaxın əhatəsi ilə daha səmərəli keçirmələrinə kömək olun; Uşaqlara həyatdan zövq almağı, başqa şəxslərin təsiri altına düşməməyi öyrədin; Tez-tez edilən mühakimələr yalnız onların özlərinə qapanmalarına və etdikləri yalnış hərəkətləri təkrarlamalarına səbəb olur. Bilməlisiniz ki, övladlarınıza göstərdiyiniz qayğı, diqqət onların zərərli vərdişlərdən çəkinməsinə və sağlam həyat tərzi qurmaqlarına yardımçı olur. Qeyd edilən tövsiyələri nəzərə alaq, uşaqlarımızın xoşbəxt gələcəyi üçün birlikdə çalışaq!

Keçidlər