Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan əmək yarmarkası və Məzun Forumu keçirilib.

03 noyabr 2023 | 11:35

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan əmək yarmarkası və Məzun Forumu keçirilib. Tədbirdə agentliyin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Türkiyə universitetlərinin qonaq professorları, şəhid ailə üzvləri və digər qonaqlar iştirak edib. Əvvəlcə əmək yarmarkasında stendlərlə tanışlıq olub. Yarmarkada işsiz və iş axtaran şəxslərə 19 müəssisə tərəfindən 160 vakansiya təqdim edilib. Sonra forum öz işinə başlayıb. Öncə ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü və azad olunması yolunda həlak olan şəhidlərimizin xatirəsi yad olunub. Azərbaycanın Dövlət Himni səsləndirilib. Universitetin rektoru Şahin Bayramov forumun Mingəçevir Dövlət Universitetində keçirilməsini yüksək qiymətləndirərək iştirakçıları salamlayıb, məzunların məşğulluğunun təmin edilməsində əmək yarmarkalarının və karyera sərgilərinin keçirilmısinin əhəmiyyətini vurğulayıb. Universitetin əsas missiyalarından birinin cəmiyyətə töhfə vermək olduğu, Zəngilan rayonunun Ağalı kəndində və Füzulidə çalışan müəllimlər arasında universitetin məzunlarının da olduğu bildirilib. Mustafa Abbasbəyli çıxışında, “Əmək bazarı işsizə uyğunlaşmamalıdır, işsiz əmək bazarına uyğunlaşmalıdır”, deyərək əmək bazarına girişin təhsil ilə mümkün olduğunu, Dövlət Məşğulluq Agentliyi tərəfindən məzunların, gənclərin əmək bazarına uyğunlaşdırılması üçün ciddi addımlar atıldığını diqqətə çatdırıb. Bildirib ki, universitetlərin inkişaf etməsi, infrastrukturun yaxşılaşdırılması və təhsilin əlçatan olması dövlətin diqqətdə saxladığı əsas məsələlərdəndir. Əmək bazarının yeni yanaşmalarından bəhs edən natiq bu gün agentliyin vakansiya bankında 47 min aktiv vakansiyanın olduğunu, işəgötürənlərin tələblərinə uyğun ixtisaslı kadrların tapılmasında müəyyən çətinliklərin yaşandığını da vurğulayıb. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə geniş nitqlə çıxış edərək şəhərimizdə belə mötəbər tədbirin keçirilməsini alqışladı. Əminliklə vurğuladı ki, bu tədbir işsizlərin yeni iş yeri ilə təmin olunmasına əməli kömək olacaq. Gələcəkdə də bu qəbildən olan məsələlərə geniş yer verilməsini məqsədəuyğun hesab etdi. Məsələnin aktuallığını həm də onda gördü ki, Dövlət Məşğulluq Agentliyi və Mingəçevir Dövlət Universiteti birgə bu tədbirə xüsusi ahəng verir. Hesab edirəm ki, işə götürənlər və işsizlər bununla qarşıya qoyduqları məqsədə nail olacaqlar. Forumda MDU-nun məzunu Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov videoformatda tədbir iştirakçılarına salamlarını bildirdi. Mingəçevir Dövlət Universitetinin məzunlarından Qarabağ bölgəsində əmək fəaliyyətinə başlamış müəllimlər Şəmsiyyə Şəmsəddinova, Zəhra İsayeva, İltimas Məmmədova, çıxış edərək məzunlara və universitet tələbələrinə arzu və istəklərini bildirdilər. Forumda “Məşğulluq və universitet məzunu”, “İnsan kapitalı inkişafında yeni trendlər” və “Müasir əmək bazarının əsas xüsusiyyətləri” mövzularında panel müzakirələr keçirilib, iştirakçıları maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Forumda həmçinin Mingəçevir Dövlət Universitetinin Məzunlar Assosiasiyasının təsis edilməsi ilə bağlı qərar qəbul edilib.

Keçidlər