Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu öndərin xatirəsi Maliyyə şöbəsində də anıldı

10 mart 2023 | 18:15

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Mingəçevir şəhər şöbəsində Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə dəyirmi masa keçirildi. “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” mövzusu ətrafında diskussiya aparıldı. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov, istehsal və xidmət sahələri sektorunun müdiri İlqar Pirməmmədov, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov iştirak edirdilər. Tədbir iştirakçıları öncə maliyyə şöbəsində ulu öndər Heydər Əliyevə həsr olunmuş stendə və kitab sərgisinə baxış keçirdilər. Tədbiri giriş sözü ilə açan şəhər maliyyə şöbəsinin rəisi Sultan Əsədov çıxış edərək qonaqları salamladı və 2023-cü ilin “Heydər Əliyev ili” olması ilə əlaqədar həyata keçirilən tədbirlər haqqında qısa məlumat verdi. Ulu öndərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasını təklif etdi. Sonra “Müstəqil Azərbaycan dövlətinin əsas ideyası azərbaycançılıqdır” mövzusunda dəyirmi masanı açıq elan etdi. Şəhər İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Fərid Məmmədov çıxış edərək dəyirmi masanın iştirakçılarına xoş arzularını bildirdi və bu qəbildən olan tədbirlərin ardıcıl davam etdirilməsini məqsədəuyğun hesab etdi. Ulu öndərin həyat və fəaliyyətinin öyrənilməsinin bütün zamanlarda aktual olduğunu diqqətə çatdırdı. Şəhər İcra Hakimiyyətində bu məqsədlə xüsusi tədbirlər planının hazırlandığını bir daha diqqətə çatdırdı. Maliyyə işçilərinə bu istiqamətdə öz tövsiyə və mülahizələrini bildirdi. Şəhər maliyyə şöbəsinin rəisi Sultan Əsədov qeyd etdi ki, milli-mənəvi dəyərlərə dövlətçilik mövqeyindən qiymət verilməsi ölkəmizdə azərbaycançılığın qorunub saxlanılması və inkişaf etdirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Ümummilli lider Heydər Əliyevin azərbaycançılığın bütün tərkib hissələrini milli ideologiyamızın strukturlarına daxil etməklə mədəniyyət və dövlətçiliyin sintezindən çıxış etdiyini bildirdi. Ona görə də azərbaycançılığın əsas komponentlərindən biri milli dövlətçilik, digəri isə milli-mənəvi dəyərlərdir. Milli mənəvi dəyərləri olmayan millət həqiqi millət və ya xalq ola bilməz. Hər bir azərbaycanlı öz milli mənsubiyyətinə görə qürur hissi keçirməli və azərbaycançılığın, Azərbaycan dilinin, mədəniyyətinin milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıdır, deyən Heydər Əliyev dühası azərbaycançılığı milli ideologiyadan dövlət ideologiyası səviyyəsinə yüksəltdi. Ümummilli liderin azərbaycançılıq ideologiyasında tarixiliklə müasirliyin nəzəri vəhdəti əsas yer tutur. Azərbaycançılığın ümummilli ideologiya halına gəlməsi, bütün dünya azərbaycanlılarını birləşdirən məfkurəyə müstəqil Azərbaycan dövlətinin əsasına çevrilməsi məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. O azərbaycançılığı dövlətçiliyə tətbiq etdi, bu məfkurəyə əsaslanan dövlət yaratdı, xalqla dövlətçilik hissini formalaşdırdı. Dəyirmi masada maliyyə şöbəsinin gəlirlərin və xərclərin proqnozlaşdırıması sektorunun müdiri Eldar Ömərov, həmin sektorun məsləhətçisi Xumar Babaşova, maliyyə şöbəsinin işçilərindən Ziya Xəlilli və Mətanət Nəcəfova, “Mingəçevir” qəzetinin baş redaktoru Mirsədi Daşdəmirov çıxış edərək müzakirə olunan mövzu ətrafında fikirlərini bölüşdülər. Şəhər maliyyə şöbəsinin rəisi Sultan Əsədov iclasın işinə yekun vuraraq iştirakçılara və çıxışçılara dərin minnətdarlığını bildirdi. Bu qəbildən olan tədbirlərin ardıcıl davam etdiriləcəyini diqqətə çatdırdı.

Keçidlər