Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş müsabiqə uğurla sona çatdı
11 aprel 2023 | 15:59
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin xətti və şəhər İcra Hakimiyyətinin dəstəyi ilə yanvar ayının sonlarında elan edilən, ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş iki nominasiyadan ibarət şeir müsabiqəsi uğurlu sonluqla yekunlaşmışdır. Uşaq və Gənclərin İnkişaf Mərkəzində keçirilən müsabiqənin yekun turunda əvvəlcə ulu öndərin və torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə çıxış edərək qeyd etdi ki, həm I (Yerli və bölgədə yaşayan yazarların Ulu Öndərin şəxsiyyətini və siyasi fəaliyyətini əks etdirən ən yaxşı şeirləri), həm də II (Ulu Öndər haqqında görkəmli Azərbaycan şairləri tərəfindən yazılan şeirlərin ən yaxşı qiraətçiləri), nominasiyalar üzrə müsabiqəyə qatılanların say çoxluğu mərhum ölkə Prezidentimizə bəslənən ehtiram hissinin ən bariz nümunəsidir. Mingəçevir şəhər İcra Hakimiyyətində şöbə müdirinin müavini vəzifəsində çalışan Elşən Əliyev, münsiflər heyətinin üzvləri, Uşaq və Gənclərin İnkişaf Mərkəzinin direktoru Ədalət Quliyeva, Mingəçevir Dövlət Universitetinin dosenti, filologiya üzrə fəlsəfə doktoru Namaz Manafov, şəhər Bələdiyyəsinin şöbə müdiri, yazıçı-publisist Zahid Qasımlı və Şahlar Şükürov adına 35 saylı Kəlbəcər rayon tam orta məktəbin direktoru, tanınmış şair Elşən Əzim müsabiqənin yekun turuna qatılan məktəblilərə uğurlar arzuladılar. Çağdaş Azərbaycan ədəbiyyatının bir sıra görkəmli sənətkarları ilə yanaşı, digər qələm sahiblərinin də ulu öndərə həsr etdikləri şeirləri qiraətlərində səsləndirən uşaq və gənclər münsiflər heyəti üzvlərinin yekdil rəylərinə əsasən fərqləndirici yerlərə sahib oldular. Müsabiqənin I nominasiyası üzrə, münsiflər heyətinin sədri İsmayıl İmanzadənin hamı tərəfindən dəstəklənən təklifi ilə birinci yerə bölgə yazarlarından heç kim sahiblənmədi. İkinci yerə şəhərdə və bölgədə yaşayan şairlərdən Seymur Paşayev (“Müdrik-dahi rəhbər” adlı şeiri ilə), Ələkbər Sönməz (“Sən gəlməsəydin” adlı şeiri ilə), III yerə tanınmış şair-publisist Məmməd Mərzili (“Heydər baba” şeiri ilə), fərqləndirici yerə isə Rəfael Dəmiroğlu (“Dahilər dahisi” adlı şeiri ilə) layiq görüldülər. Sonda AYB Mingəçevir bölməsinin sədri İsmayıl İmanzadə və Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul işçisi Elşən Əliyev münsiflər heyətinin üzvlərinə seçimdə fəal iştiraklarına görə təşəkkürlərini bildirdilər. Qaliblərə mükafatların aprel ayının sonlarında ulu öndərin anadan olmasının 100 illiyinə həsr ediləcək təntənəli poeziya gecəsində təqdim ediləcəyi bildirildi.