Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Azərbaycanın Dövlət Müstəqilliyi əbədidir, sarsılmazdır, dönməzdir” mövzusunda konfrans keçirilmişdir.
27 aprel 2023 | 17:18
Aprelin 27-də Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən konfrans öncəsi şəhər rəhbəri başda olmaqla qonaqlar və iştirakçılar Heydər Əliyev Mərkəzi önündə ucaldılmış Ulu öndərin abidəsi qarşısına gül dəstələri qoymuşlar. Sonra Heydər Əliyev Mərkəzinin akt zalında konfrans öz işinə başlamışdır. İştirakçılar Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olan vətən övladlarının xatirəsini bir dəqiqəlik sükutla yad etmiş, Dövlət Himni səsləndirilmişdir. Sonra “Heydər Əliyev Müstəqil Azərbaycanın memarı” filmi nümayiş olunmuşdur. Konfransda giriş sözü ilə çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Heydər Əliyevin hakimiyyətinin hər iki dövrünün ayrı-ayrı məqamlarına toxunmuş, həmin dövrdə Azərbaycanın aqrar kənd təsərrüfatı sistemindən ən yüksək sənaye, sosial, iqtisadi inkişaf mərhələsinə çatdığını vurğulamışdır. Ulu öndərin Azərbaycanın xilaskarı, qurucusu, memarı kimi tarixə düşdüyünü və bu günkü müstəqil Azərbaycanın inkişafında xüsusi rolu olduğunu bir daha diqqətə çatdırmışdır. Konfransda “Ulu öndər Heydər Əliyevin siyasi irsi müasir inkişafımızın bazasıdır” mövzusunda Milli Məclisin deputatı, siyasi elmlər üzrə fəlsəfə doktoru Aydın Mirzəzadə, “Heydər Əliyev və Azərbaycanın milli maraqlara əsaslanan siyasəti” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Qarabağ irsini araşdırma mərkəzi”nin rəhbəri, beynəlxalq münasibətlər üzrə professor, siyasi elmlər doktoru Elçin Əhmədov, “44 günlük müharibədəki tarixi qələbənin siyasi ideoloji aspektləri” mövzusunda Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının baş müəllimi, Bakı politoloqlar klubunun sədri, politoloq Zaur Məmmədov, “Azərbaycanın Dövlət Müstəqilliyini əbədi edən tarixi şəxsiyyət” mövzusunda MDU-nun Təhsil fakültəsinin dekan müavini, filologiya elmləri doktoru Flora Namazova məruzələrlə çıxış etmişlər.