Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin 100 illiyi münasibətilə Mingəçevirdə növbəti ağacəkmə kampaniyası keçirildi

07 dekabr 2023 | 17:56

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar olaraq Mingəçevir şəhərində həyata keçirilən silsilə tədbirlər sırasında ağacəkmə kampaniyasının xüsusi önəmi var. Buna görə də Mingəçevir respublikamızın yaşıllıqlar məskəni kimi tanınır. Mingəçevir şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhərin müxtəlif ərazilərində bu kampaniya uğurla davam edir. Növbəti ağacəkmə kampaniyası dekabr ayının 7-də Heydər Əliyev prospekti ərazisindəki Heydər Əliyev Xiyabanında həyata keçirilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, aparatın məsul əməkdaşları, 8 saylı ərazi ekologiya və təbii sərvətlər idarəsinin nümayəndələri, yaşıllaşdırma və sanitar təmizlik idarəsinin kollektivi, mətbuat işçiləri ağacəkmə kampaniyasında fəallıqla iştirak ediblər. Həmin gün ərazidə 118 ədəd sərv ağacı əkilmişdir. Qeyd etmək yerinə düşər ki, ərazidə olan fiziki cəhətdən ömrünü başa vurmuş ağaclar budanmış, ərazi başdan-başa səliqəyə salınmışdır. Yaşıllaşdırma və sanitar təmizlik idarəsinin kollektivinin səyi nəticəsində əraziyə su xətləri çəkilmiş, ağacların vaxtlı-vaxtında suvarılması üçün tədbirlər görülmüşdür. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov tədbirdə iştirak edənlər qarşısında çıxış edərək Ulu Öndərin anadan olmasının 100 illiyi münasibəti ilə cari ilin əvvəlindən bəri keçirilən aksiyalarda şəhərin bütün idarə, müəssisə və təşkilat kollektivlərinin fəallıqla iştirak etdiyini təqdirəlayiq hal kimi dəyərləndirmiş və bu kampaniyanın ardıcıl olaraq davam etdiriləcəyini bildirmişdir. İlin əvvəlindən bu günədək şəhərin ayrı-ayrı yaşıllıq zolaqlarında 10 mindən çox müxtəlif növ ağac tinglərinin və eyni zamanda dekorativ güllərin əkildiyini diqqətə çatdırmışdır. Şəhər rəhbəri vurğulamışdır ki, bütün bunlar Ulu öndərə olan hörmət və ehtiramın əlamətidir. Ölkəmizin inkişafı və tərəqqisi, həmçinin nur şəhəri Mingəçevirin gözəlləşməsi, bu günkü yüksəlişi Ulu Öndərin layiqli davamçısı, dövlətimizin başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi və eyni zamanda tapşırıq və tövsiyyələri ilə reallaşır. Bu yaxınlarda 75 illiyini qeyd etdiyimiz şəhərimizin gözəlləşməsi şəhər sakinlərinin ürəyindəndir. Qeyd etmək yerinə düşər ki, hazırda şəhərin bütün ərazilərində abadlıq-quruculuq işləri geniş vüsət alaraq həyata keçirilir, məhəllələrdə, küçələrdə, park və istirahət məskənlərində quruculuq işləri durmadan davam etdirilir. İşıqlanma sistemi yenilənir, kanalizasiya sisteminin çəkilıişindəki işlərin böyük hissəsi başa çatıb. Bir sözlə, Mingəçevir yenilənir, gözəlləşir.

Keçidlər