Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə nümunəvi məhəllədə ağac əkildi, quruculuq işlərinə baxış keçirildi
02 mart 2023 | 15:12
Xəbər verdiyimiz kimi şəhərimizin 20 Yanvar küçəsi ilə Nəriman Nərimanov prospektinin kəsişdiyi ərazidə nümunəvi məhəllə yaradılır. Artıq uzun müddətdir ki, burada abadlıq-quruculuq işləri səngimədən davam edir. 73-cü məhəllə adlanan ərazidə bir sıra diqqəti cəlb edən işlər görülmüşdür. Əraziyə söhbətgahlar, oturacaqlar qoyulmuş, burada uşaqların istifadəsi üçün futbol, həndbol, basketbol, eləcə də idmanın digər növlərini əhatə edən meydançalar yaradılıb, trenajorlar qoyulub. Qeyd etmək yerinə düşər ki, Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin, Mənzi Kommunal Təsərrüfatı İstehsalat Birliyinin kollektivləri, eləcə də Mənzil Təsərrüfatı və Abadlaşdırma İdarəsinin işçiləri burada xüsusi səylə çalışırlar. Ərazidəki yaşayış binalarının təmiri də ön plandadır. Binaların fasad hissələri, giriş qapıları qoyulmaqla dəhlizləri əsaslı təmirdən çıxarılır. Məhəllədə asfalt örtüyünün döşənməsinə hazırlıq aparılır, bordürlər düzülüb, işıqlanma xətti çəkilir, işıq dirəkləri qoyulur. Fiziki cəhətdən ömrünü başa vurmuş ağaclar budanır, yeni ağac tingləri əkilir. Bir sözlə, sakinlərin mənalı istirahəti üçün əlverişli şərait yaradılır. Mart ayının 2-də həmin məhəllədə yaşıllıqların salınmasına start verildi. Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun rəhbərliyi ilə burada ağacəkmə kampaniyası keçirildi. 120 ədədə yaxın eldar şamı və digər həmişəyaşıl ağacların əkilməsi həyata keçirildi. Şəhər rəhbəri Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibəti ilə bu sislsilədən olan tədbirlərin ardıcıl olaraq aparılacağını bir daha diqqətə çatdırdı. Ağacəkmə kampaniyasında Mingəçevir şəhər Bələdiyyəsinin sədri Ramiz Əliyev və bələdiyyə üzvləri, YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev və partiya fəalları, idarə, müəssisə və təşkilatların rəhbərləri ilə yanaşı mətbuat və ictimaiyyət nümayəndələri də fəallıqla iştirak edirdilər. Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin kollektivinin işçiləri tərəfindən ərazidə ağacların əkilməsi üçün çalalar hazırlanmış, su xətti çəkilmişdir. Ərazidəki torpaq sahələri bellənərək münbit hala salınmışdır. Bütün bu hazırlıq işləri ağacəkmə kampaniyasının sürətlə getməsinə təkan verdi. Sonda Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatların rəhbərləri, mətbuat işçiləri ilə birlikdə 73-cü məhəlləyə baxış keçirdilər. Qarşıya çıxan problemlərin aradan qaldırılması üçün şəhər rəhbəri öz tapşırıq və tövsiyyələrini bildirdi.