“Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilmişdir.
13 oktyabr 2023 | 15:40
Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubiliyi münasibəti ilə Mingəçevirdə silsilə tədbirlərin keçirilməsi davam edir. Oktyabr ayının 13-də Mingəçevir şəhər İcra Hakimiyyəti tədbirlər planına uyğun olaraq Heydər Əliyev Mərkəzində “Tarix yazan əbədiyaşar lider” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndərin Heydər Əliyev Mərkəzinin qarşısında ucaldılmış abidəsi qarşısına gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Ulu öndərə həsr olunmuş “Tarix yazan əbədiyaşar lider” filminə baxış keçirilib. Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr edilmiş tədbiri Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov açaraq bildirib ki, “Heydər Əliyev ili” çərçivəsində silsilə tədbirlərimiz davam edir. Ulu öndər Heydər Əliyevin xalqımız qarşısında çox böyük xidmətləri vardır. Ölkəmiz müstəqillik əldə etdiyi ilk illərdə Azərbaycan xalqı çox çətinliklərlə qarşılaşmış, iqtisadi cəhətdən böhran içərisində idi. Torpaqlarımız ermənilər tərəfindən işğal olunmuşdu. Belə çətin zamanda Ulu öndər xalqın tələbi ilə hakimiyyətə dəvət edildi. Ulu öndərin böyük dövlətçilik təcrübəsi sayəsində ölkənin iqtisadi vəziyyəti yaxşılaşdı, daxili və xarici siyasət sahəsində uğurlar əldə olundu, ordu quruculuğuna başlanıldı, cəbhədə atəşkəs elan olundu. Ulu öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanımız parçalanmaqdan xilas olundu. Öz tarixi xidmətləri nəticəsində Ulu öndər müstəqilliyimizi qoruyub saxlamaqla bu günkü inkişaf etmiş Azərbaycanımızın əsasını qoydu. Hakimiyyətdə olduğu bütün dövrlərdə Heydər Əliyevin rəhbərliyi, bilavasitə təşkilatçılığı ilə ölkəmizdə geniş tikinti-quruculuq işləri həyata keçirilərək Azərbaycan inkişaf etmiş bir respublikaya çevrilmişdir. 1969-1982-ci illərdə Azərbaycana birinci rəhbərliyi dövründə respublikamızın keçdiyi inkişaf və tərəqqi dövrü müqayisəyəgəlməz rəqəmlərlə xarakterizə edilir. Ulu öndərin 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində əsaslı dönüş yarandı. Müstəqil dövlət quruculuğu prosesi başlandı, Milli Ordu formalaşdı, torpaqlarımızın müdafiə olunması ilə bağlı mühüm addımlar atıldı. Bununla da Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıldı, möhkəmləndirildi və əbədiləşdirildi. Sevindirici haldır ki, Ulu Öndər Heydər Əliyevin başladığı işlər onun siyasi kursunun layiqli davamçısı, möhtərəm prezidentimiz İlham Əliyev tərəfindən böyük qətiyyət və cəsarətlə davam etdirilir. Bu gün də, dünən də, əldə edilən nailiyyətlər Ulu öndərin siyasətinin davamlı nəticələridir. Onun şah əsəri olan müasir Azərbaycan etibarlı əllərdədir. Ümidlə demək olar ki, bu gündən sonra da Heydər Əliyev ideyaları daimi yaşayacaq və yeni-yeni zəfərlər qazanacaqdır. Tədbirdə YAP Mingəçevir şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev “Heydər Əliyev –tarixi şəxsiyyət, görkəmli dövlət xadimi və əbədiyaşar liderdir”, MDU-nun müəllimi, tarix üzrə fəlsəfə doktoru Aygün Qədirova “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu”, MDU-nun müəllimi, filologiya üzrə fəlsəfə doktoru Pərvin Hüseynova “Heydər Əliyev – tariximizin qurucu xilaskar fenomeni”, Mingəçevir Turizm Kollecinin tarix müəllimi Eldar Dərişov “Azərbaycanın müasir zəfərləri Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu xəttin uğurlu nəticələridir” mövzularında məruzələrlə çıxış ediblər. Tədbirə şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov yekun vuraraq qeyd edib ki, biz müstəqil Azərbaycan dövlətinin yaradılması və inkişafında mühüm xidmətləri olan Ulu öndərimiz Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif məqamlarını əks etdirən çıxışlarla tanış olduq. Çıxış edənlər Ulu öndərin bir şəxsiyyət kimi fəaliyyətindən, onun Azərbaycan dövləti və xalqı qarşısında geniş xidmətlərindən, bu gün əldə etdiyimiz uğurlarda onun rolundan bəhs etdilər. Ulu öndər Heydər Əliyevin memarı olduğu müstəqil Azərbaycan bu gün onun xəttinin qətiyyətli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir. Birmənalı şəkildə qeyd edirik ki, bu gün ölkəmizin əldə etdiyi bütün nailiyyətlərin əsasını məhz müstəqil Azərbaycanın özü qədər əbədi olan Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi xətt təşkil edir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun günü-gündən artması, ölkəmizə etibar olunan beynəlxalq tədbirlər, mədəni və idman yarışları məhz bu inamın və etimadın, Ulu öndər Heydər Əliyevin ideyalarının reallaşmasının nəticələridir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında 2020-ci ildə 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımız şanlı ordumuzun qalibiyyəti ilə azad olundu, sərhədlərimiz bərpa edildi. 2020-ci il Azərbaycan tarixinə Zəfər ili kimi daxil oldu. 44 gün davam edən müharibədə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa, Ağdam, Kəlbəcər, Laçın rayonları, Xocavənd və Xocalı rayonlarının bir hissəsi azad olundu. Ölkə Prezidentinin apardığı ardıcıl siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur ərazisinin bərpa edilməsinə başlanıldı. Üç il ərzində həmin ərazilərdə uğurlu işlər aparılmışdır. Bu müddət ərzində Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin arasında imzalanmış 10 noyabr Bəyannaməsinin tələblərinin yerinə yetirilməsi Ermənistan tərəfindən pozulurdu və tez-tez istər sərhəd bölgələrində, istərsə də sülhməramlıların nəzarət etdiyi ərazilərdə təxribatlar törədilirdi. Ölkə başçısının təmkinlə apardığı sülh danışıqları nəticəsiz qalmışdı. Cari ilin aprel ayının 23-də Azərbaycan dövləti tərəfindən Laçın sərhəd keçid məntəqəsi yaradıldı. Bununla ərazi bütövlüyümüz tamamilə bərpa edildi. Vətən müharibəsindən sonra Qarabağ iqtisadi rayonunun bir hissəsinə sülhməramlılar tərəfindən nəzarət edilirdi. Lakin orada olan silahlılar hələ də silahı təhvil verməmişdilər. Bu il sentyabr ayının 19-da ölkə Prezidenti, Ali Baş Komandanın göstərişi ilə sülhməramlıların nəzarətində olan ərazilərdə antiterror əməliyyatı keçirildi. Cəmi 23 saat 43 dəqiqə ərzində erməni silahlı birləşmələri silahı yerə qoydular və təslim oldular. Bu hadisə nəticəsində Azərbaycanın bütün ərazilərində hakimiyyət strukturları bərpa edildi. Bu Ölkə Prezidenti cənab İlham Əliyevin apardığı qətiyyətli siyasətin növbəti qələbəsi idi. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərinə soydaşlarımızın qayıdışı təmin olunur. Soydaşlarımızın 30 illik həsrətinə son qoyuldu. Görülən bu işlər Ulu Öndər Heydər Əliyevin təməlini qoyduğu xəttin uğurlu nəticələridir. Bütün sahələrdə qazandığımız bu uğurlar Heydər Əliyev ideyalarının düzgünlüyünü, əbədiyaşarlığını və qalibiyyətliyini göstərir.