Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 8-də Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhər ümumtəhsil məktəblərinin məzunları, 2026-cı ildə 600-dan artıq bal toplayaraq ali məktəblərə qəbul olan tələbələrlə görüşüb.

08 sentyabr 2026 | 15:47

Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşlarının, müəllimlərin, tələbələrin və valideynlərin, ictimaiyyət nümayəndələrinin, mətbuat işçilərinin iştirak etdiyi tədbirdə əvvəlcə Ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz, ərazi bütövlüyümüz uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Görüşü açan Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhərimizin ümumtəhsil məktəblərinin yüksək bal toplayaraq ali məktəblərə qəbul olan məzunlarını və onların valideynlərini, müəllimləri təbrik edib. Qeyd edib ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar gənclərin təhsilə cəlb olunmasına, təhsil sahəsində uğurların ilbəil artmasına, təhsil alanların nailiyyətlərinin daha da yüksəlməsinə müsbət təsirini göstərir. Gənclər cəmiyyətin sabahının və gözəl gələcəyinin yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyev gənclərə və onların formalaşmasına həmişə yüksək qiymət verib. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində ölkəmizdə yüzlərlə yeni məktəb binası, ali məktəblər üçün müasir kampuslar tikilib istifadəyə verilib. Sevindirici haldır ki, Ulu Öndərin apardığı işlər Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdirilir. Bu gün təhsilə, gəncliyə, onların layiqli formalaşmasına diqqət genişlənir. Birinci vitse prezident Mehriban xanım Əliyevanın təhsilimizin inkişafına verdiyi töhfələr saysızdır. Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsil sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Şəhər rəhbəri bildirib ki, tədris ilində Mingəçevir şəhəri üzrə XI sinifləri 1455 nəfər bitirmiş, onlardan 715 nəfəri ali məktəbə qəbul olmuşdur ki, 38 nəfər 600 baldan yuxarı nəticə əldə etmişdir. Onlardan 1 nəfəri Respublika üzrə ən yüksək nəticə göstərərək 700 bal toplamışdır. 4 nömrəli tam orta məktəbin, Texniki və Humanitar fənlər liseyinin hər birində 1 sinfin, Təbiət-riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseyinin 2 sinfinin bütün şagirdləri 100 % nəticə göstərərək ali məktəblərə qəbul olmuşlar. Bunlar şəhərimiz üçün ürəkaçan nəticələrdir. Rəqəmlərdən göründüyü kimi ötən ilə nisbətən ali məktəblərə qəbul çox olmuşdur. Təhlillər göstərir ki, Mingəçevir təhsili uğurlu nəticələr əldə etməkdə davam edir. Bu münasibətlə bütün təhsil işçilərinə uğurlar arzulayıram. Digər tədbirlərdə də şəhər məktəblərinin şagirdləri uğurlu nəticələr əldə etmişlər. Qazanılmış nailiyyətlər Respublika miqyasında fərqlənir. Bütün uğurlarımız ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin və genişmiqyaslı inkişaf proqramının bir hissəsidir. Azərbaycan gənci təkcə təhsil və idman sahələrində deyil, hər sahədə nümunə göstərir, milli-mənəvi dəyərlərimizə sadiqliyini sübut edir. Azərbaycan gəncləri Vətən torpaqlarının keşiyində durur, qoruyur. Birinci və ikinci Qarabağ müharibələrində, Aprel döyüşlərində, antiterror əməliyyatlarında və digər terrorların qarşısının alınmasında fərəhlə deyə bilərik ki, Azərbaycan gəncləri fədakarlıq, qəhrəmanlıq göstəriblər, canları, qanları ilə böyük Zəfəri qazanıblar. Bu il ali məktəblərə qəbul olan mingəçevirlilər sırasında bir şəhid və iki qazi övladının da tələbə adını qazanması sevindiricidir. Hər bir tələbəni, müəllimlərimizi, valideynləri, bütün mingəçevirliləri gənclərimizin qazandığı uğurlara görə ürəkdən təbrik edir, yeni həyat yolunda onlara uğurlar arzulayram. Görüşdə çıxış edən Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhər Təhsil sektorunun müdiri Rüstəm Aslanov, Təbiət Riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseyin direktoru Aidə İsmayılova, 689 balla Tibb Universitetinə qəbul olan 11 nömrəli məktəbin məzunu Nəzrin Abdullayevanın valideyni Günay Abdullayeva, Texniki Humanitar Fənlər Liseyinin müəllimi, rəhbərlik etdiyi sinfin bütün şagirdləri ali məktəbə qəbul olmuş Günay Əliyeva, Vətən Müharibəsi qazisi Perviz Məmmədov, Əməkdar müəllim Mayıl İsmayılov ürək sözlərini deyərək müəllimləri, valideynləri, gəncləri təbrik edərək tələbələrə xoş arzularını çatdırıblar. Təbiət Riyaziyyat Humanitar Fənlər Təmayüllü Liseyin məzunu, 675 bal toplayaraq Baki Dövlət Universitetinin hüquqşünaslıq fakültəsinə daxil olan Cabbar Cabbarov əldə etdiyi nailiyyətlərə görə valideynlərinə və müəlimlərinə, xüsusən gənclərə dəstək olan, hər zaman diqqət və qayğı göstərən cənab Prezident İlham Əliyevə minnətdarlığını ifadə edib, yüksək təhsili ilə hər kəsi sevindirəcəyini bildirib. Tədbirin sonunda yüksək nəticə göstərmiş tələbələrə şəhər İcra Hakimiyyətinin başçısı tərəfindən hədiyyələr təqdim edilib, xatirə şəkli çəkdirilib.

Keçidlər