Sentyabrın 30-da Mingəçevir şəhər İcra Hakimiyyətinin xətti ilə Mingəçevir Tibb Kollecində maarifləndirici tədbir keçirilib.
30 sentyabr 2024 | 17:01
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 noyabr 2020-ci il tarxli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı” nın icrası ilə əlaqədar Mingəçevir şəhər İcra Hakimiyyətinin hazırladığı tədbirlər planına müvafiq olaraq şəhərin təhsil, mədəniyyət və tibb müəssisələrində, eləcə də digər müəssisələrdə maarifləndirici tədbirlər keçirilir.
Kollecin müəllim və tələbələrinin iştirak etdiyi tədbiri açan Mingəçevir şəhər İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini Elşən Əliyev ölkəmizdə Prezident İlham Əliyevin tapşırığı və müvafiq sərəncamları ilə yeniyetmə və gənclərin təhsili, tərbiyəsi, fiziki sağlamlığı, vətənin layiqli övladı kimi böyüməsi, yetişməsi üçün həyata keçirilən işlərdən danışdı. Qeyd olundu ki, bu günkü maarifləndirici görüşün keçirilməsinin əsas məqsədi ölkəmizdə məişət zorakılığına qarşı mübarizə, zorakılığın səbəb olduğu mənfi hüquqi və sosial nəticələrin qarşısının alınması, məişət zorakılığından zərər çəkmiş şəxslərin sosial müdafiəsi, habelə məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməkdir. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Hüseynov, İcra Hakimiyyətinin baş məsləhətçisi Azər Hüseynov, polis şöbəsinin ictimai-nəzarət şöbəsinin rəisi Rasim Mahmudov çıxış edərək məişət zorakılığının tək bir ailə üçün yox, cəmiyyətə də təhlükə olduğunu bildiriblər. Kollecin direktoru Fikrət Zeynalov təhsil ocağında davamlı olaraq tələbələrlə bu cür maarifləndirici diskussiyaların aparıldığını bildirərək, tələbələrə neqativ hallarla qarşılaşarsa valideynlərini və müəllimlərini məlumatlandırmağın vacibliyni bildirib.
Tədbirdə tələbələrin sualları cavablandırılıb, onlara diqqətli, ayıq-sayıq olmaq tövsiyə olunub və məişət zorakılığı ilə mübarizə məqsədi ilə şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış maarifləndirici bukletlər paylanılmışdır.