Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabrın 27-si Azərbaycanda Anım Günüdür.

27 sentyabr 2023 | 17:35

Prezidenti İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən təsis edilən Anım Günü Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş  əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsidir.

Həmin gün münasibəti ilə sentyabrın 27-də Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq silsilə tədbirlər keçirilib. Şəhərin müxtəlif ərazilərində ağacəkmə aksiyası baş tutub. İlk olaraq şəhərin Xaldan şossesi istiqamətində, 20 nömrəli məktəbə yaxın ərazidə salınmış parkda 250 ədəd müxtəlif növ ağac tingləri əkilmişdir. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin ailə üzvləri, müharibə əlilləri, veteranlar, ictimaiyət nümayəndələri, YAP şəhər təşkilatının fəalları, mətbuat işçiləri yaxından iştirak etmişlər. Həmin gün energetiklər yaşayış massivi ərazisində də 100 ədədə yaxın müxtəlif növ ağac tingləri əkilmişdir.

Sonra tədbir Mingəçevir Şəhidlər Xiyabanında davam etdirilmişdir. Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş nitqlə çıxış edərək 27 sentyabr Anım gününün tarixi ilə bağlı məlumat vermiş, 44 günlük Vətən müharibəsində şanlı Ordumuzun yaratdığı Zəfər salnaməsindən bəhs etmişdir. Şəhidlərin ruhu qarşısında baş əydiyini, qazilərə tezliklə sağalmalarını arzu etmişdir. Qarabağın bu günkü tarixi və yurdumuzun ərazi bütövlüyünün tamamilə bərpa olunması haqqında məlumat vermişdir.

Tədbirdə həmçinin Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri ictimai birliyinin şəhər şöbəsinin sədri Əlağa Bəndəliyev, veteran müəllim Mirzə Cavadov, 44 günlük Vətən müharibəsi şəhidi Kənan Abdullayevin anası Azadə Abdullayeva, III qrup Vətən müharibəsi əlili Həsən Məmmədov çıxış edərək düşmən tərəfindən işğal olunmuş yurd yerlərimizin azad olunmasında Milli Ordumuzun cəsur hərbçilərinin göstərdiyi qəhrəmanlıqlardan bəhs etmiş, şəhidlərimizə Allahdan rəhmət diləmişlər.

Tədbirdə şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin müxtəlif qruplarının şagirdləri qəhrəmanlarımızın xatirəsinə həsr olunmuş kompozisiya təqdim etmişlər. Sonda şəhidlərimizin məzarları üzərinə gül çiçək dəstələri qoyulmaqla ziyarət olunmuşdur.

Keçidlər