Sentyabrın 16-da ölkəmizin hər yerində olduğu kimi Mingəçevir şəhərində də 2024-2025-ci tədris ili başladı.
16 sentyabr 2024 | 16:59
Bilik günü münasibəti ilə 13 nömrəli tam orta məktəbdə keçirilən ilk zəng mərasimində məktəbə ilk dəfə qədəm qoyan birincilər, digər şagirdlər, valideynlər, müəllimlər və ictimaiyyət nümayəndələri, qonaqlar iştirak ediblər. Tədbir öncəsi meydana Azərbaycan Respublikasının Dövlət Bayrağı gətirilib. Birincilər iştirakçıların alqışları altında mərasimə qatılıblar. Torpaqlarımızın azad olunması və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Məktəbin direktoru Daşqın İbrahimov təhsil ocağının uğurlarından söhbət açaraq bildirib ki, 2023-2024-cü tədris ilində məktəbi başa vuran 51 şagirddən 22-si müxtəlif ali məktəblərə daxil olub. 2020-ci ildə Azərbaycanın Birinci vitse Prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun “Yeniləşən Azərbaycana Yeni Məktəb” layihəsi çərçivəsində inşa olunaraq müəllim və şagirdlərin istifadəsinə verilən təhsil ocağının hər cür texniki avadanlıqlarla təchiz olunmasının təhsilin keyfiyyətinin artırılmasına imkan yaratdığını bildirdi.
Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bu ilki Bilik Gününün müstəsna əhəmiyyətli olduğunu bildirdi. Qeyd etdi ki, 30 ildən sonra ilk dəfə olaraq azad olunan torpaqlarımızda 8-ə yaxın orta məktəbdə ilk zəng çalınır, Qarabağ Universiteti fəaliyyətə başlayır. Bütün bunlar dövlətimizin başçısı cənab İlham Əliyevin təhsilimizə, uşaq və gənclərin inkişafına, ləyaqətli, vətənpərvər vətəndaş kimi yetişməsi üçün göstərdiyi diqqət və qayğısının bariz nümunəsidir. Birinciləri, onların valideynlərini, həmçinin bütün şagirdləri, müəllimləri, bu məktəbin timsalında Mingəçevir məktəblərinin kollektivlərini yeni tədris ilinin başlanması münasibəti ilə təbrik edən şəhər rəhbəri onlara yeni-yeni nailiyyətlər arzuladı. Arzu edirəm ki, uğurlu təhsilinizlə müəllim və valideynlərinizi sevindirəsiniz.
Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir sektorunun nümayəndəsi Sevinc Həsənova yeni dərs ilinin başlanması münasibəti ilə təbriklərini çatdıraraq bildirdi ki, bu il Mingəçevir məktəblərində 16650 şagird, o cümlədən 1335 birinci sinif şagirdi 712 sinifdə təhsil alacaq. Ötən illərin uğurlarına baxanda əminliklə demək olar ki, yeni tədris ili də nailiyyətlərimizlə zəngin olacaq.
Vətən müharibəsi şəhidi Ülvi Qulamlının anası İradə Qulamova çıxış edərək təbriklərini çatdırdı. Birincilərin, digər şagirdlərin təqdim etdiyi kompozisiya və mahnı çələngi, şeirlər alqışlarla qarşılandı.
Tədbirin sonunda birincilər ilk zəngi çaldılar, şagirdlər sinif otaqlarına daxil oldular. Qeyd edək ki, bu il məktəblərimizdə ilk dərs “Yaşıl Dünya Naminə Həmrəylik” mövzusuna həsr olunmuşdu.