Şəhidlərin xatirəsinə ağacəkmə aksiyası keçirilib
07 noyabr 2025 | 16:06
Noyabrın 7-də Mingəçevirdə ağacəkmə aksiyası keçirilib. Mingəçevir şəhər İcra Hakimiyyətinin dəstəyi, “Kapital Bank” ASC-nin, “Qırmızı Ürəklər” Fondunun və “PMD Qroup”un “Qəhrəmanlar bağı” layihəsi çərçivəsində şəhərin şərq giriş qapısı yaxınlığında olan yaşıllıq zolağında, 280 metrlik ərazidə birinci və ikinci Qarabağ müharibəsi şəhidlərinin xatirəsinə şam ağacı tingləri əkilib. Yaradılmış bağın ətrafına Yaşıllaşdırma və Sanitar Təmizlik İdarəsinin işçiləri tərəfindən dəmir hasar çəkilib, ağac əkini üçün çalalar qazılıb. Aksiyada Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, qazilər, tələbələr, ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edən Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov 8 noyabr Zəfər Günü münasibəti ilə təbriklərini çatdıraraq şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə can sağlığı arzulayıb. “Qəhrəmanlar bağı”nda əkilən həmişəyaşıl ağacların şəhidlərimizin xatirısinə ehtiram olduğunu bildirib. “Kapital Bank” ASC-nin Mingəçevir filialının müdiri Səbuhi Muxtarov, “Qırmızı Ürəklər” Fondunun prezidenti Yusif Poladov 2020-ci ildən başlanan bu layihənin uğurla icra olunduğunu qeyd ediblər. Aksiyada 200-dən artıq şam ağacı tingləri əkilib, dibləri suvarılıb.