Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid leytenant Həsənli Eldar Müşfiq oğlunun ildönümü mərasimi keçirildi

15 avqust 2022 | 10:04

Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın 2020-ci ildə Vətən müharibəsində azad olunması tariximizin şanlı səhifəsidir. Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində yurd yerlərimizin işğaldan azad olunması düşmənin məkrli siyasətinə son qoydu. Hələ 1994-cü ildə atəşkəs əldə olunsa da dəfələrlə bu atəşkəsi pozan, sərhəd bölgələrimizdə hərbçilərimizin, mülki vətəndaşların, uşaq və qocaların belə öldürülməsi, danışıqların heç bir bəhrə verməməsi son çarənin müharibə, hərb olduğunu ortaya çıxardı. Üçtərəfli Bəyanatın imzalanması, Azərbaycanın qalib kimi, Ermənistanın məğlub olaraq kapitulyasiyaya uğraması ilə nəticələnən Vətən müharibəsindən sonra da düşmən dinc durmaq istəməsə də tarixi ədalət bərpa olunub. Təssüf ki, müharibə başa çatdıqdan sonra da azad olunan ərazilərdə müəyyən səbəblərdən həlak olan hərbçilərimizin xatirə və anım günləri də keçirilir. Həmin mərasimlərdə şəhidlərin əzizləri ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak edirlər. 2021-ci il avqust ayının 13-də axşam saatlarında Kəlbəcər rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsi zamanı nəticədə hərbi qulluqçular - leytenant Həsənli Eldar Müşfiq oğlu və müddətdən artıq həqiqi hərbi qulluqçu çavuş Cəfərov Anar Müstəqim oğlu şəhid olmuşlar. Eldarın ildönümü mərasimindən əvvəl onun məzarı ziyarət olunub. Yaşadığı Nətavan küçəsi ev 1 ünvanında xatirə lövhəsinin açılışı olub. Əvvəlcə şəhidlərin ruhuna dualar oxunub, bir dəqiqəlik sükutla xatirələri yad edilib. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, şəhər Bələdiyyəsinin sədri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin rəisi, şəhər Mühafizəsinin rəisi, şəhid anaları, qazilər, məktəblilər iştirak ediblər. İlham İsmayılov tədbirdə çıxış edərək vətən torpaqları uğrunda həlak olan şəhidlərimizə Allahdan rəhmət diləyib, bütün şəhid valideyinlərinə səbrlər diləyib, qazilərə can sağlığı arzulayıb. Bildirib ki: “Ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş insanların xatirəsi daima yaddaşlarda qalacaq. Məhz onların göstərdiyi şücaət nəticəsində işğal altında olan torpaqlarımız bu gün azad olunmuşdur. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Milli Ordusu 44 gün davam edən Vətən müharibəsində bir daha dünyaya qüdrətini göstərib. Bu gün Azərbaycan qalib dövlət kimi tanınır, dünya dövlətləri arasında nüfuzu artır.” Daha sonra şəhidin oxuduğu 19 nömrəli məktəbin müəllim və şagird kollektivi çıxış edib, şeirlərlə şəhidi yad ediblər. "Nur" dəstək qrupunun könüllüləri Vətənə, torpağa, şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər. Allah bütün şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun.

Keçidlər