“Qarabağ zəfərinin mənəviyyat və əxlaq üzərində təsiri” mövzusunda seminar keçirilib.
24 sentyabr 2025 | 11:29
23.09.2025-ci ildə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax regional bölməsi və Mingəçevir Şəhər İcra Hakimiyyəti və Mingəçevir şəhər Səməd Vurğun adına 16 №li texniki və təbiət fənləri təmayüllü liseyin birgə təşkilatçılığı ilə “Qarabağ zəfərinin mənəviyyat və əxlaq üzərində təsiri” mövzusunda seminar keçirilib. Tədbirdə Mingəçevir ŞİH-nin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elşən Əliyev və DQİDK-nın Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov, liseyin pedaqoji və şagird kollektivi iştirak ediblər. Tədbirin əvvəlində Dövlət Himni səsləndirilib, Ümummilli Lider Heydər Əliyevin və Qarabağ müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Mingəçevir şəhər 16 №li texniki və təbiət fənləri təmayüllü liseyin direktoru Aygün Quliyeva 27 sentyabr –Anım Günü barədə danışaraq Qarabağ uğrunda canlarını fəda edən igid Vətən oğullarının xalqımızın yaddaşında daim yaşayacağını vurğulayıb. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsinin şanlı qələbə ilə nəticələndiyini, 2023-cü ilin sentyabrında həyata keçirilən 23 saatlıq antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyünün tam təmin olunduğunu qeyd edib. Tədbirdə Mingəçevir ŞİH-nin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Elşən Əliyev çıxışında hər birimiz müasir Azərbaycan tarixinin ən qürurlu, fəxarətli günlərini yaşayırıq deyib:” Qırx dörd gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan Ordusu Ermənistanın silahlı qüvvələrini məhv edərək tariximizə yeni bir gün yazdı və şəhidlərimizin qisası alındı. Əlbəttə ki, bu 44 günün hər günü Azərbaycanın şanlı tarixidir. XXI əsrin müharibəsini aparan Azərbaycan hərbi gücü, qüdrəti ilə dünyaya səs saldı”. Tədbirə dəvət olunmuş şəhid anası Azadə Abdullayeva liseyin məzunu olmuş övladı - şəhid Kənan Abdullayevin keçdiyi həyat yolundan, 44 günlük Vətən Müharibəsindəki qəhrəmanlığından danışıb, özünün dövlətimiz və məktəb kollektivi tərəfindən qayğı ilə əhatə olunduğunu bildirib. Yevlax regional bölməsinin baş məsləhətçisi Əlisa Fərəcov tədbirin əsas mövzusu barədə çıxış edərək erməni irqçiliyindən, torpaqlarımızın işğalından, beynəlxalq təşkilatların buna biganə münasibətindən, Azərbaycan xalqının təkbaşına bu işğala son qoymasından, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük Zəfərin əldə olunması üçün ölkəmizin iqtisadi qüdrətinin artırılmasından, diplomatik münasibətlərin genişləndirilməsindən və ən vacibi xalqın milli sərvəti olan milli-mənəvi dəyərlərdən bəhs edib. Mingəçevir şəhəri “Heydər” məscidinin imam müavini, ilahiyyatçı Müşfiq Nəcəfov 44 günlük Vətən Müharibəsində din xadimlərinin arxa cəbhədə fədakarcasına çalışdıqlarını, ön cəbhəyə ərzaq, geyim və s. yardımların çatdırılmasından, şəhid cənazələrinin qəbul olunub dəfn edilməsindən, onların yas mərasimlərinin aparılmasından bəhs edib. Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsi veteranı, şəhid övladı, liseyin müəllimi Rafael Səfərov atasının və özünün döyüş yolundan, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə yaradılan Ordu quruculuğunun Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs edib, qəhrəman əsgər və zabitlərimizin rəşadətindən söz açıb, şəhidlərin xatirəsinin daim uca tutulmasının və Vətən müharibəsinin tarixi əhəmiyyətinin gələcək nəsillərə ötürülməsinin vacibliyini diqqətə çatdırıb. Sonda məktəbin şagirdləri şeir kompozisiyası təqdim edblər.