"Prezident Kuboku -2025"
29 aprel 2025 | 17:30
"Prezident Kuboku -2025" Aprelin 29-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 -ci ildönümü münasibəti ilə Avarçəkmə üzrə "Prezident Kuboku -2025" Beynəlxalq Reqatasının açılış mərasimi keçirilib. Mingəçevir şəhərinin Heydər Əliyev prospektində yarışların rəsmi paradı və komandaların təqdimatı olub. Tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının Prezidenti Vüqar Əhmədov, Avropa Kanoe Assosiasiyasının (ECA) prezidenti Jan Zunqrana, idmançılar, ictimaiyyət nümayəndələri iştirak ediblər. Mərasimdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Sonra Mingəçevir şəhər Uşaq Gənclər İnkişaf Mərkəzinin şagirdləri və ölkəmizin müxtəlif musiqi kollektivləri, rəqs qrupları maraqlı kompozisiyalarla çıxış ediblər.
Yarışlar 28 aprel – 03 may 2025-ci il tarixlərində Gənclər və İdman Nazirliyinin, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə "Kür" OTİM-də, Suqovuşan su anbarında 20 ölkənin iştirakı ilə keçirilir. Aprelin 28-də Fizuli şəhəri Köndələnçay su anbarında isə Avarçəkmə üzrə nümunəvi çıxışlar, maraqlı bayram tədbirləri təşkil edilib. Füzuli sakinləri Köndələnçayda maraqlı su şouları, avarçəkənlərin nümunəvi çıxışlarını izləyiblər. Həmçinin uşaq və yeniyetmələr üçün maraqlı viktorinalar, intellektual yarışmalar təşkil olunub, qonaqlara federasiya tərəfindən xatirə hədiyyələri təqdim edilib. Qarabağda ilk dəfə sakinlər üçün həvəskar avarçəkmə qayıqlarında özünü sınamaq imkanı yaradılıb.
"Prezident Kuboku -2025" Beynəlxalq Reqatasında Avropa, Asiya və Afrikanın 20-dən çox ölkəsindən-Azərbaycan, Estoniya, Gürcüstan, Almaniya, Yunanıstan, Macarıstan, Hindistan, Qazaxıstan, Qırğızıstan, Latviya, Litva, Moldova, Polşa, Serbiya, Cənubi Afrika Respublikası, İspaniya, Tacikistan, Türkiyə, Ukrayna və Özbəkistandan gələn 200 nəfərdən çox idmançı mübarizə aparacaq. İdman bayramında aprelin 29-da açılış mərasimindən sonra Mingəçevirdə, 30 aprel saat 11:00-dan etibarən isə Suqovuşan su anbarında ilk yarışlar keçiriləcək və 200 metr məsafədə yarışlar baş tutacaq. Reqata 1-2 may tarixlərində Mingəçevir “Kür” Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Burada komandalar avarçəkmənin kayak, kanoe və akademik növündə müxtəlif məsafələrdə mübarizə aparacaqlar.