Şriftin ölçüsü :
Saytın rəngi :
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və yarış üçün ölkəmizə təşrif buyuran bir sıra rəsmi qonaqlar da iştirak edib. Əvvəlcə yarış iştirakçıları bayraqla Mingəçevir şəhərinin mərkəzində yürüş ediblər. İdmançıları böyük ölçüdə Azərbaycan Respublikasının dövlət bayrağını daşıyan könüllülərdən ibarət dəstə, üzərində avarçəkmə idman növünün qayıqları olan xüsusi avtomobil müşayiət edib. 20-dən çox ölkədən 30-a qədər komandanın iştirak etdiyi paradı şəhər sakinləri böyük təntənə və coşğu ilə qarşılayıblar. Daha sonra tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək qarşısına gül dəstələri düzüblər. Tədbir rəqs qrupunun və idmançıların maraqlı rəqsləri ilə davam edib.
Qeyd edək ki, turnirin açılış mərasimi və ilk yarışlar mayın 1-də Suqovuşanda təşkil olunacaq. Avarçəkənlər ilk yarış günündə Suqovuşan su anbarında kayak-kanoe üzrə 200 və 500 metr məsafəyə yürüşlərdə mübarizə aparacaqlar. Yarışların növbəti iki günü mayın 2-3-də Mingəçevir "Kür" Olimpiya Tədris-İdman Mərkəzində davam edəcək. Xatırladaq ki, "Prezident Kuboku" reqatası ardıcıl ikinci ildir Avropa Kanoe Assosiasiyasının rəsmi təqvim planına daxil edilib.