“PeşəFest-2026”nın növbəti dayanacağı Mingəçevir oldu
28 sentyabr 2026 | 18:49
28 sentyabr 2026-cı il tarixində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyinin həyata keçirdiyi “PeşəFest-2026” layihəsinin növbəti tədbiri Mingəçevir şəhərində keçirilib. Mingəçevir Şəhər İcra Hakimiyyətinin dəstəyi ilə “Peşə öyrən, gələcəyini qur!” devizi altında təşkil olunan festivalın əsas məqsədi şəhərdən olan şagird, tələbə və onların valideynlərini əmək bazarında aktual olan peşələr barədə məlumatlandırmaq, həmçinin gənclərin peşə seçiminə dəstək göstərməkdir. Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov, dövlət və özəl təşkilatların rəhbər şəxsləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov çıxışında əmək bazarında baş verən dəyişikliklərə uyğun olaraq gənclərin peşə və bacarıqlarının inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. O, “PeşəFest” layihəsinin bu istiqamətdə maarifləndirmə işlərinin aparılması və gənclərin peşə imkanları barədə məlumatlandırılması baxımından əhəmiyyətli platforma olduğunu qeyd edib. Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Hasil Abbasov əmək bazarının tələblərinə və çağırışlarına uyğun kadr potensialının formalaşdırılmasının əhəmiyyətindən danışıb. Agentlik sədri “PeşəFest” layihəsinin gənclərə əmək bazarının real tələblərini yaxından öyrənmək, eləcə də öz bacarıqlarını inkişaf etdirmək üçün düzgün istiqamət seçmək imkanı yaratdığını bildirib. Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov isə peşə bacarıqlarının inkişaf etdirilməsinin gənclərin gələcək karyera imkanlarının genişləndirilməsində mühüm rol oynadığını qeyd edib. O, “PeşəFest”in ali və peşə təhsili arasında əlaqələrin gücləndirilməsi, eləcə də tələbə və gənclərin əmək bazarına hazırlığının dəstəklənməsi baxımından əhəmiyyətini vurğulayıb. Festival çərçivəsində müxtəlif sahələr üzrə peşəkarlar öz ixtisaslarına uyğun təqdimatlarla çıxış edib, təmsil etdikləri peşələrin xüsusiyyətləri, tələb olunan bilik və bacarıqlar barədə məlumat veriblər. Mütəxəssislər, həmçinin iştirakçılara peşə seçimi ilə bağlı tövsiyələr təqdim ediblər. “PeşəFest-2026” çərçivəsində əmək bazarında xüsusi aktuallıq kəsb edən 11 peşə və ixtisas istiqaməti üzrə maarifləndirici tədbirlər təşkil olunur. Bunlara barista, bərbər, tibb bacısı/tibb qardaşı, dənizçi, Əşyaların İnterneti üzrə mütəxəssis, uçuş mühəndisi, geyim dizayneri, silah mühəndisi, SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) mütəxəssisi, kibertəhlükəsizlik mütəxəssisi və UI/UX dizayneri daxildir. Festival iştirakçıları sözügedən peşələrin xüsusiyyətləri, tələb olunan bacarıqlar və karyera imkanları barədə məlumat əldə edir, müxtəlif sahələr üzrə mütəxəssislərlə birbaşa ünsiyyət qurmaq imkanı qazanırlar.