Oktyabrın 23-də Mingəçevir Tibb Kollecində “Erkən nikaha yox deyək” adlı maarifləndirmə tədbiri keçirilib
23 oktyabr 2024 | 17:14
Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq keçirilən maarifləndirmə tədbirinin keçirilməsində əsas məqsəd gənclərin təhsilinə xüsusilə diqqət göstərməyinin vacibliyini diqqətə çatdırmaq, maraqlı peşələr öyrənmək, vətənin ləyaqətli vətəndaşı kimi yetişmək naminə böyüklərdən müsbət vərdişləri öyrənməkdir.
Kollecin müəllim və tələbələrinin iştirak etdiyi tədbirdə İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbirə Yusifli, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsləhətçi-psixoloqu Qorxmaz Abbaszadə, həkim Şəlalə İmanova çıxış edərək erkn nikahın fəsadlarından danışıblar. Bu kimi hallar zamanı, kiçik yaşlı qızların böyükləri tərəfindən evlənməyə məcbur edilməsinin mənfi nəticələr verdiyi bildirilib. Gənclik yaşına çatmayan qızların evləndirildiyi zamanı onların fizioloji və psixoloji gərginlik yaşamaları, yan təsirlərə, travmalara məruz qalmaları, dünyaya gələn körpələrin çox halda fiziki qüsurlu olduğu qeyd olunub. Cəmiyyətin sağlamlığı sağlam ailələrin formalaşmasından başlayır. Çıxışlarda bildirilib ki, erkən nikah gələcək qeyri-sağlam ailə, sağlamlıq imkanı məhdud övladın doğulması və böyütmək sahəsində çətinliklər, psixoloji cəhətdən tamamlanmamış qadın və bir sözlə, qeyri-müəyyən gələcək deməkdir. Ailə müqəddəsdir, bu müqəddəsliyi qorumaq üçün hər kəs məsuliyyət daşımalıdır.
Keçirilən maarifləndirici görüşlərin, tədbirlərin əhəmiyyətindən danışan çıxışçılar bu cür tədbirlərin sayəsində bir çox erkən nikahın qarşısının alındığını bildirdilər və tələbələrə tövsiyələr verdilər: “Təhsilinizə diqqət yetirin, sosial şəbəkələrdə təbliğ olunan bayağı şou və paylaşımlara uymaq lazım deyil, asudə vaxtlar zamanı mütaliə və maraqlı peşələri öyrənmək sizlərin sağlam və uğurlu gələcəyinizə yol açan ən gözəl vərdişdir.”