Oktyabrın 22-də Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına uyğun olaraq Ələmdar Quliyev adına Mingəçevir Peşə məktəbində “Narkomaniyaya yox deyək” adlı maarifləndirici tədbir keçirilib.
22 oktyabr 2024 | 16:25
“Yerli İcra Hakimiyyətləri haqqında” Əsasnaməyə uyğun olaraq şəhər İcra Hakimiyyətinin başçısı aparatı yanında fəaliyyət göstərən “Narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə komissiyası” davamlı olaraq şəhərdə fəaliyyət göstərən ali, orta ixtisas və ümumtəhsil məktəblərində, səhiyyə və mədəniyyət ocaqlarında, eləcə də digər idarə və müəssisələrdə bu mövzu ilə əlaqədar tədbirlər, dəyirmi masalar, diskussiyalar keçirir. Tədbirdə İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini, dini qurumlarla işin təşkilatçısı, komissiyanın katibi Elşən Əliyev, şəhər polis şöbəsinin narkotiklərlə mübarizə qrupunun qrup rəhbəri, polis mayoru Emir Cavadov, narkoloq-həkim Eldar Mustafayev, peşə məktəbinin direktor əvəzi Lalə Zöhrabzadə, psixoloq Sevil Həsənova mövzu ilə bağlı çıxışlar etmişlər.
Tədbirin əsas məqsədi bəşəriyyətin ən ağrılı problemi olan, cəmiyyətin ciddi bəlasına, xalqın təhlükə mənbəyinə çevrilən narkomaniya və onun törətdiyi fəsadlara, bu sahədə aparılan mübarizə tədbirlərinə həsr olunmuşdu. Çıxışlarda narkotik bəlasının fəsadlarından, cəmiyyətin, gənclərin bu cür pis vərdişlərə aludə olması zamanı yaranan acınacaqlı vəziyyətdən, ailələrin böyük sarsıntı yaşamalarından söz açılıb. Gənclərə narkomaniyanın yaranmasının ilkin vəziyyəti, yaxın ətrafdakıların onları təsir altına almaq üçün etdikləri təkliflər barədə məlumatlar verilib, yalnız təhsilə diqqət göstərməyin, peşə, sənət öyrənməklə həyatlarını düzgün qurmağın zəruri olduğu tövsiyyə olunub. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası istiqamətində fəaliyyətdən, narkomaniya əleyhinə aparılan işlərin və tədbirlərin hər zaman diqqət mərkəzində olduğundan, yeniyetmə və gənclərin sağlamlığı, vətənpərvər, ləyaqətli insan kimi yetişməsi üçün keçirilən görüşlərin əhəmiyyətindən söz açılıb.
Tədbirdə tələbələrin sualları cavablandlrılıb, tövsiyələr verilib.