Şriftin ölçüsü :

Saytın rəngi :

Oktyabrın 2-də Mərkəzi şəhər Xəstəxanasında “Azərbaycan Respublikasının məişət zorakılığı ilə mübarizəyə dair 2020-2023-cü illər üçün Milli Fəaliyyət Planı”nın icrası vəziyyəti barədə tədbir keçirildi.

02 oktyabr 2024 | 17:19

Tədbirdə Mingəçevir Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları Elşən Əliyev, Azər Hüseynov, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Səbuhi Hüseynov, polis şöbəsinin İctimai-nəzarət şöbəsinin rəisi Rasim Mahmudov, Ruhi-əsəb dispanserinin baş həkimi Şəmsinur Hüseynova, xəstəxana əməkdaşları və media nümayəndələri iştirak ediblər.

Çıxışlarda cənab Prezident İlham Əliyevin yeniyetmə və gənclərə xüsusi diqqətlə yanaşdığı qeyd olunub. Gənc nəslin təhsili, tərbiyəsi, sağlamlığı üçün həyata keçirilən layihələrdən söz açılıb. Məişət zorakılığına qarşı mübarizə aparmaq üçün zərər çəkən şəxslərin sosial müdafiəsi və məişət zorakılığına səbəb olan halların aradan qaldırılması istiqamətində cəmiyyəti maarifləndirməyin aktual vəzifə olduğu bildirilib. Qeyd olunub ki, məişət zorakılığı, şiddət, həmçinin ailədaxili münaqişə cəmiyyət üçün təhlükə mənbəyidir, əhali mütəmadi maarifləndirilməli, bu sahədə fəaliyyət göstərən qurumların əməkdaşlığı artırılmalıdır.

Mərkəzi şəhər Xəstəxanasının Ailə Sağlamlıq Mərkəzinin baş həkimi Mətanət Əliyeva bu istiqamətdə görülən işlərdən danışıb. Qeyd edib ki, ASM-nin həkimləri davamlı olaraq şəhərin ali və orta ixtisas təhsili müəssisələrində, uşaq bağçalarında görüşlər keçirir, söhbətlər və diskussiyalar aparılır. Bu cür görüşlərin sayəsində bir çox erkən nikahın qarşısı alınıb, yeniyetmə və gənclərin alkoqol, siqaret çəkmə, o cümlədən narkotik kimi bəlalardan xilas olması üçün ailə böyükləri tərəfindən nəzarətin gücləndirilməsi tövsiyə olunub. Diskussiya şəraitində keçirilən görüşdə erkən evliliyin fəsadlarından bəhs olunub, əsasən ailə böyüklərinin övladlarına biganə yanaşmamasının vacibliyi, sosial şəbəkələrə, mobil telefona aludəçiliyin gələcək üçün təhlükə olduğu vurğulanıb. Tədbirdə bu cür görüşlərin keçirilməsinin vacibliyi, valideynlərlə yanaşı təhsil ocaqlarında müəllimlərin məsuliyyətli olmasının zəruriliyi qeyd olunub.

Keçidlər