Noyabrın 28-də Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin yaranmasının 25 illik yubileyi münasibəti ilə tədbir keçirilib
28 noyabr 2024 | 16:45
Mingəçevir şəhər İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin birgə keçirdiyi tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq ehtiramlarını bildiriblər. Mingəçevir Dövlət Universitetinin akt zalında keçirilən tədbirdə İcra Hakimiyyətinin məsul işçiləri, yazarlar, şəhər ictimaiyyətinin nümayəndələri, universitetin professor-müəllim heyəti və filologiya fakültəsinin tələbələri, mətbuat işçiləri iştirak ediblər. Əvvəlcə torpaqlarımızın azadlığı, suverenliyimizin bərpa olunması uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbiri açan Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin sədri, şair İsmayl İmanzadə bölmənin yaranma tarixindən, ötən 25 ildəki fəaliyyətindən danışıb. Mingəçevir və ətraf rayonlardan olan yazarların iştirakı ilə klassik şair və yazıçıların yubileyləri, əziz bayramlar münasibəti ilə keçirilən tədbirlərdən, görüşlərdən söz açaraq, inkişaf yolunda uğurla addımlayan Azərbaycanın Zəfər tarixindən, Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti ilə işğal altında qalan torpaqlarımızın azad olunmasından fərəhlə bəhs edib.
Azərbaycan Yazıçılar Birliyi Mingəçevir bölməsinin yaranmasının 25 illiyi münasibəti ilə təbriklərini çatdıran Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov bölmənin yaranma tarixi ilə bağlı xatirələrini bölüşüb. Qeyd olunub ki, bu qurum ötən müddət ərzində mingəçevirli yazarların sevimli yaradıcılıq məkanına çevrilib, ətrafında çoxlu sayda gəncləri birləşdirib. O vaxt bölmənin açılış mərasimində şəhər rəhbərliyi ilə yanaşı respublikamızın tanınmış yazıçı və şairləri iştirak edirdilər. Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın, onun müavini, xalq şairi Fikrət Qocanın və digər yazarların, Mingəçevir şəhər ictimaiyyətinin nümayəndələrinin, eləcə də ətraf rayonlardan gələn yazarların iştirak etdiyi tədbir marağa səbəb olmuşdu. Filialın ofisində maraqlı çıxışlar oldu, xoş sözlər söylənildi. Ulu öndər Heydər Əliyevin Azərbaycanı böyük təhlükələrdən xilas etməsindən, inkişaf yoluna çıxarmasından, insanların firavan yaşaması üçün gördüyü işlərdən söhbətlər açıldı. Xüsusilə onun ədəbiyyata, sözə, sənətə, mədəniyyətə, incəsənətə, təhsilə önəm verdiyi, yaradıcı insanlara göstərdiyi diqqət və qayğıdan, gənclərin vətənpərvər ruhda böyüməsinə xüsusi qayğı ilə yanaşmasından bəhs olundu. Həqiqətən də ulu öndər hər zaman sənətə və sənətkara, ziyalıya böyük qayğı göstərib, bu gün həmin uğurlu siyasəti davam etdirən cənab Prezidentimiz İlham Əliyev də cəmiyyətin ziyalı təbəqəsi olan yazıçı və şairlərə, yazarlara diqqət və qayğı ilə yanaşır. Həmin gün Heydər Əliyev prospektindəki Xiyabanda qonaqlar xatirə olaraq həmişəyaşıl ağac tingləri əkdilər. Bölmənin açılışında, bü günkü səviyyəyə çəlib çatmasında xidmətlərindən danışan şəhər rəhbəri yazarların yaradıcılığını əks etdirən qəzet, jurnal, almanaxların nəşr olunduğunu qeyd etdi. Ötən illər ərzində filialın fəaliyyəti daim diqqət mərkəzində olub, şəhərin ictimai həyatında, keçirilən tədbirlərdə yazarlarımız yaxından iştirak edir, Mingəçevir şəhər İcra Hakimiyyəti ilə əməkdaşlıq əlaqələri saxlayırlar. Azərbaycan uzun illərdən sonra işğal altında olan torpaqlarını, məhz Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi, Milli Ordumuzun şücaəti ilə azad etdi. Yurdumuzun ərazi bütövlüyü tam təmin olundu. Suveren Azərbaycanda 4 ildir ki, böyük Zəfər bayramı təntənə ilə qeyd edilir. Çox istərdim ki, belə sevincli günlər Mingəçevirli yazarların həyatında daim özünü göstərsin, qəhrəmanlıq tarixini, vətənpərvərliyi əks etdirən əsərlər, şeirlər yazılsın. Bu yolda sizə səmimi arzularımı çatdırır, yaradıcılıq uğurları arzulayıram. Bayramınız mübarək.
Sonra bölmənin bir qrup yazarına Mingəçevir şəhər İcra Hakimiyyətinin Fəxri Fərmanı təqdim olundu. Tədbirdə filologiya elmləri doktoru, professor Rüstəm Kamal, Mingəçevirdə uzun illər yüksək vəzifədə işləmiş yazıçı-publisist Ramiz Göyüş ötən illərdəki xatirələrini dilə gətirdilər, xoş arzularını çatdırdılar.
MDU-nun rektor vəzifəsini müvəqqəti icra edən Üzeyir Zeynalov gənclərin ədəbiyyata önəm verməsini və bölmənin ətrafında cəm olmasını təqdir etdi. Ağdaş bölməsinin rəhbəri Fəxrəddin Əsəd təbriklərini çatdırdı, şairlərdən Namiq Zaman, Elşən Əzim, Nicat Hünalp şeirlərini söylədilər, ictimaiyyət nümayəndələrindən Rizvan Mikayıllı, İnqilab Şirinli ölkəmizdə ədəbiyyatın, mədəniyyətin inkişafı istiqamətində həyata keçirlən işlərdən, yazarlarla olan əməkdaşlıqlarından danışdılar.
Tədbirdə təqdim olunan mahnı çələngi, aşıq musiqisi alqışlarla qarşılandı.