Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabrın 19-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov Dünya Kubokunun qalibi olan idmançılarla görüşüb.

19 noyabr 2026 | 15:00

Oktyabrın 13-18-də Özbəkistan Respublikasının Daşkənd şəhərində 45 ölkənin iştirakı ilə 13-15 yaş yeniyetmələr və 16-18 yaş aralığında olan gənclərdən ibarət Kikboksinq üzrə Dünya kuboku yarışları keçirilmişdir. 2300 idmançının iştirak etdiyi yarışda Mingəçevir şəhərini “Kolizey” İdman Klubunun 5 idmançısı təmsil edib. Onlardan 4 nəfəri yüksək nəticə göstəriblər. Mingəçevir Dövlət Universitetinin tələbəsi Nazpəri Xamməd qızı Cabbarova qızıl medal, məktəblilərdən Nurlan Xamməd oğlu Cabbarov gümüş medal, Əhməd İlkin oğlu Əhmədli və Ramin Bilal oğlu Əhmədov isə bürünc medal qazanıblar.

Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov idmançıları mötəbər yarışda qazandıqları qələbə münasibəti ilə təbrik edərək ,onların əzmkarlıq və yüksək hazırlıq sayəsində əldə etdikləri uğurların şəhərin idman həyatına mühüm töhfə olduğunu vurğuladı. Şəhər rəhbəri ölkəmizdə idmana olan dövlət qayğısından, bu sahədə həyata keçirilən tədbirlərdən, idmanın inkişafı məqsədilə görülən işlərdən və idmançıların qalibiyyətinin ölkə üçün əhəmiyyətindən danışıb.

Görüşdə çıxış edən “Kolizey” İdman Klubunun baş məşqçisi, müəllim Kamran Nəsirov qəbul üçün minnətdarlığını bildirərək uzun və gərgin məqşqlərdən sonra kikboksinqçilərin qələbə qazandıqlarından fərəhləndiyini bildirib. Qalib gənclər yarışlarla bağlı təəssüratlarını bölüşüblər.

Sonda şəhər rəhbəri qalib idmançılara xatirə hədiyyələr təqdim edib.

Keçidlər