Şriftin ölçüsü :

Saytın rəngi :

Noyabr ayının 7-də Mingəçevir şəhər İcra Hakimiyyətinin akt zalında 8 noyabr - Zəfər günü münasibətilə tədbir keçirilib.

07 noyabr 2024 | 16:15

Tədbir iştirakçıları əvvəlcə Mingəçevirin Zəfər Parkında olmuş, burada şəhidlərin xatirəsinə yaradılmış “Şəhidlərin xatirə lövhəsi” kompleksinin qarşısına gül dəstələri qoyaraq torpaqlarımızın azadlığı uğrunda həlak olmuş Vətən övladlarını yad etmişlər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Dövlət müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda şəhid olanların xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhər İcra Hakimiyyəti başçısı aparatının əməkdaşlarının, hüquq-mühafizə orqanlarının rəhbərlərinin, şəhid ailələri üzvlərinin, qazilərin, Qarabağ müharibələri veteranlarının, ictimaiyyət nümayəndələrinin, idarə və müəssisələrin rəhbərlərinin, mətbuat işçilərinin, müharibə və əmək veteranlarının iştirak etdiyi tədbiri açan şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov geniş məruzə ilə çıxış edib.

Bildirib ki, ötən əsrin 80-ci illərinin sonundan başlayan Dağlıq Qarabağ problemi nəticəsində Azərbaycan torpaqlarının 20 faizi erməni qəsbkarları tərəfindən işğal olunmuşdu. Ermənistanın və dünya ermənilərinin məqsədi Qarabağda ikinci erməni dövlətinin yaranmasına nail olmaq idi. Azərbaycana beynəlxalq təzyiqlər davam edirdi. 1993-cü ildə ölkə rəhbərliyinə qayıdan Ümummilli lider Heydər Əliyev bütün təzyiqlərin qarşısını qətiyyətlə aldı. Ölkəmizin iqtisadiyyatının, ordumuzun güclənməsi üçün bütün tədbirləri həyata keçirdi. Azərbaycanın çətin vaxtlarında Ulu öndər dövlətimizin milli maraqlarını təmin etdi və inkişafın təməli qoyuldu. 2003-cü ildə ölkə Prezidenti cənab İlham Əliyevin hakimiyyətə gəlişindən sonra bu inkişaf davam etdirildi. Qısa müddətdə ordu quruculuğu sahəsində müvəffəqiyyətlər əldə edildi. Cənab Prezident çıxışlarında, beynəlxalq tədbirlərdə Qarabağ probleminin həllinin sülh yolu ilə, qan tökülmədən həllinə tərəfdar olduğunu bildirsə də dünya dövlətləri buna ciddi yanaşmır və Birləşmiş Millətlər Təşkilatının erməni qoşunlarının Azərbaycan ərazisindən çıxarılması haqqında 4 qətnaməsi kağız üzərində qalırdı. Ermənistan isə ərazilərimizə təxribatlar edir, məsələnin həllini yubadırdı.

2020-ci ilin iyul-avqust aylarında daha dəhşətli təxribat nəticəsində şəhidlərimiz oldu. 27 sentyabr təxribatı zamanı isə erməni ordusu sərhədboyu hücum əməliyyatları təşkil edərək ərazilərimizdə təhlükə yaratdı. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı ilə Ordumuz əks hücuma keçdi. Ölkə Prezidentinin rəhbərliyi ilə xalq-dövlət-ordu birliyi yarandı. Hər bir Azərbaycan vətəndaşı cənab İlham Əliyevin “Qarabağ Azərbaycandır!” ifadəsi altında səfərbər olmağı bacardı və 30 ilə yaxın bir müddətdə işğal altında olan torpaqlarımızın azad olunmağa başlandı. 44 gün davam edən müharibə nəticəsində erməni ordusunun məğlubedilməz olması mifi darmadağın edildi. Xalqımız hər gün ölkə Rəhbərinin müraciətini böyük sevinclə gözləyirdi. Çünki, bu müraciətlərdə yeni-yeni ərazilərimizin işğaldan azad olması müjdəsi xalqa çatdırılırdı. Hər gün zəfər sorağı insanları ruhlandırırdı. Müzəffər Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, müzəffər ordumuz hər gün irəliyə doğru, yeni zəfərlərə doğru irəliləyirdi. Xalq sevinc içərisində idi. Rəşadətli ordumuzun şücaəti nəticəsində qəhrəman əsgərlərimiz 8 noyabr tarixində Şuşa şəhərinə daxil oldu. Hər küçə, hər ev uğrunda gedən əlbəyaxa döyüşdə igid oğullarımızın qəhrəmanlığı ilə Şuşa şəhəri düşmən qüvvələrindən təmizləndi. Məhz Şuşa şəhərinin alınması bizim qələbəmizi təmin etdi. Noyabr ayının 10-da Ermənistanın baş naziri kapitulyasiya sənədinə imza atdı. Azərbaycan, Rusiya və Ermənistan rəhbərlərinin imzaladığı Bəyannaməyə əsasən ermənilər məğlubiyyətlərini qəbul etdilər və Ağdam, Kəlbəcər, Laçın rayonlarının boşaldılması öhdəliyini öz üzərlərinə götürdülər. Beləliklə, 44 günlük müharibə nəticəsində işğal altında olan 8 rayonumuz, Xocalı, Xocavənd və Ağdərə rayonlarının ərazilərinin bir hissəsi işğaldan azad edildi, yurdumuzun ərazi bütövlüyü bərpa olundu. Qalib Azərbaycan xalqı və müzəffər Azərbaycan ordusu öz gücünə BMT-nin 4 qətnaməsinin icrasını təmin etdi. Vətən müharibəsində torpaqlarımızın işğaldan azad olunması ilə yanaşı Azərbaycanın siyasi nüfuzu da artdı. Azərbaycan bölgədə yeni reallıqlar yaratdı. Artıq Dünya dövlətləri Azərbaycanı qalib və diktə edən bir ölkə kimi qəbul edir.

Böyük Zəfər tariximizdə Mingəçevir şəhərinin də payı vardır. Hələ I Qarabağ müharibəsində 985 nəfər mingəçevirli döyüşlərdə iştirak etmiş, qəhrəmanlıq göstərən 322 qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucalmışdır. Aprel döyüşlərində 5 igidimiz şəhid olmuşdur. Vətən müharibəsi başlayan tarixdən Mingəçevir gəncləri könüllü olaraq səfərbər olunmuş, 1041 nəfər səfərbərliyə çağırılmış, şücaətləri ilə müharibədə iz qoymuşlar. Vətən müharibəsində 54 nəfər mingəçevirli şəhidlik zirvəsinə ucalmış, 100 nəfərdən çox gəncimiz yaralanmışdır. Mingəçevirin qəhrəmanlıq tarixində I Qarabağ müharibəsində 5 nəfər Milli Qəhrəman adına layiq görülmüş, 9 nəfər Azərbaycan Bayrağı, 2 nəfər Rəşadət, 24 nəfər 2-ci dərəcəəli Vətənə xidmət Ordeni ilə, 650 nəfər müxtəlif medallarla təltif olunmuşlar. Ali Baş Komandan tərəfindən Vətən müharibəsində qəhrəmanlıq göstərən qəhrəmanlarımızdan 2 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına, 22 nəfər müxtəlif dərəcəli orden, 1041 nəfər isə müxtəlif medallara layiq görülmüşdür.

Bildiyiniz kimi 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Laçın –Kəlbəcər–Daşkəsən istiqamətində mənfur qonşularımız təxribat törətdi. Şəhidlərimiz oldu. 2023-cü ildə bu cür təxribatlar davam edirdi. Ona görə də sentyabr ayının 19-da Ali Baş Komandanımız cənab İlham Əliyevin tapşırığı ilə Qarabağ iqtisadi rayonunun sülhməramlılarının nəzarətində olan ərazilərimizdə antiterror əməliyyatları başlandı. 23 saat 43 dəqiqə ərzində aparılan əməliyatlar nəticəsində bütün Qarabağ torpağı azad olundu, suverenliyimiz bərpa olundu. Şəhidlərimiz oldu, 5 nəfər də Mingəçevir şəhərinin şəhidi oldu. Onların 5-i də ölkə Prezidenti tərəfindən 3 dərəcə “Vətənə xidmətə görə” ordeni ilə təltif olundu. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu gün şəhid ailələrimiz və qazilərimiz dövlətimizin himayəsindədir. “YAŞAT” fondu tərəfindən şəhid ailələrinin sosial problemlərinin həll olunması üçün müvafiq dəstək olunur, qazilərimizin müalicəsi təşkil olunur. Ölkə Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə daim qayğı göstərilir. Şəhər İcra Hakimiyyətinin xətti ilə də şəhid ailələrinə, qazilərimizə köməkliklər olunur, onların mənzil növbəliliyi məsələləri həll olunur.

Məlumat üçün bildirirəm ki, mənzil növbəliyində olan şəhid ailələri və müharibə əlillərinə bu il 72 mənzil ƏSMN tərəfindən paylanılmışdır. Şəhər İcra Hakimiyyəti tərəfindən ildə 3 dəfə şəhid ailələri və müharibə əlilləri ərzaq bağlaması ilə təmin olunurlar. Şəhər rəhbəri fərəhlə bildirdi ki, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Qarabağ torpağı işğaldan azad olunduqdan sonra orada quruculuq və bərpa işlərinə start verilib və indi də tikinti-quruculuq işləri davam etdirilir. Ümidvarıq ki, yaxın zamanlarda Doğma Qarabağımız və Şərqi Zəngəzur bərpa olunacaq, bütün keçmiş məcburi köçkünlər öz yurd-yuvalarına qayıdacaqlar. Cənab Prezidentimiz İlham Əliyevin 3 dekabr 2020-ci il tarixli Sərəncamı ilə 8 noyabr Zəfər günü kimi təsis edilmişdir. Bu tarixi gün bayram günü kimi qeyd edilir. Zəfər günü münasibətilə bütün şəhər sakinlərini, şəhid ailələrini, müharibə əlillərini təbrik edir, onlara can sağlığı, əmin-amanlıq və firavan həyat arzulayıram. Bayramınız mübarək olsun.

Tədbirdə Vətən müharibəsi qəhrəmanı Elnur Gebidov, şəhid anası Azadə Abdullayeva, 3-cü qrup Vətən müharibəsi əlili Ramil Həsənov, YAP Şəhər təşkilatının sədri Bəxtiyar Mustafayev, ictimaiyyət nümayəndələrindən Nurcamal Əsgərova, Mayıl İsmayılov, şəhid anası Qumru Məmişova çıxış edərək Zəfər bayramı münasibəti ilə təbriklərini çatdırmış, torpaqlarımızın azad olunması uğrunada canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət diləmiş, qazilərimizə, veteranlara can sağlığı arzulamaqla dövlətimizin tərəqqisi, inkişafı yolunda qətiyyətli addımlar atan cənab Prezidentimizə işlərində uğurlar arzulamışlar.

Keçidlər