Noyabr ayının 18-də Mingəçevir İcra Hakimiyyətinin xətti ilə Mingəçevir şəhər Üzeyir Hacıbəyli adına 1 nömrəli onbirillik musiqi məktəbində “Gender əsaslı zorakılıqla mübarizə” mövzusunda dəyirmi masa keçirilib.
19 noyabr 2024 | 10:27
Məktəbin müəllimlərinin, həmçinin mətbuat işçilərinin iştirak etdiyi tədbirdə Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səbirə Yusifli, şəhər polis şöbəsinin yetkinlik yaşına çatmayanlarla profilaktiki işin təşkili qrupunun inspektoru Teymur Baxışev, həkim-psixiatr Şəmsinur Hüseynova, musiqi məktəbinin direktoru Vüsal Məmmədov mövzu ətrafında çıxış etmişlər.
Qeyd olunub ki, 25 noyabr dünyada Qadınlara qarşı Zorakılıqla Beynəlxalq Mübarizə Günü, 10 dekabr isə Beynəlxalq İnsan Hüquqları Günü kimi qeyd edilir. Bu iki tarix arasında olan dövrdə dünyada “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyası aparılır. Bu cür kampaniyalar qadınlara və gənc qızlara qarşı zoraklıq hallarının qarşısının alınmasına xüsusilə müsbət təsir edir. Azərbaycanda uşaq və gənclərin təhsili, sağlamlığı, cəmiyyətə əsl vətəndaş kimi yetişməsi naminə geniş işlər aparılır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə insan hüquqlarının müdafiəsi sahəsində aparılan islahatların davamı olaraq 2010-cu ildə “Məişət zorakılığının qarşısının alınması haqqında“ Qanun qəbul edilib və qadınların hüquqlarının qorunması, məişət zorakılığının qarşısının alınması sahəsində qanunvericilik bazası yaradılb.
Tədbir diskussiya şəklində davam etmişdir. İştirakçılara ailədaxili problemlərə, eyni zamanda ətrafda rastlaşdıqarı zorakılığa biganə qalmamaq, uşaqların qeyri-müəyyən hərəkətlərinə, valideyn məsuliyyətsizliyinə, cəmiyyətdə özünü idarə etməsinə ciddi yanaşmaq, təhsil və tərbiyyə ocaqlarında uşaq və yeniyetmələrin yan təsirlərə məruz qalmaması üçün diqqətli olmaq tövsiyyə olunub.