“Narkomaniyaya yox deyək!”
27 oktyabr 2022 | 15:50
Ölkə ərazisində narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə sahəsində hüquqi məsələləri tənzimləyən qanunvericilik bazasının yaradılması və bu bazanın dəyişən şəraitə və tələblərə uyğunlaşdırılması Azərbaycan dövlətinin və müvafiq qurumların əsas fəaliyyət istiqamətlərindən biri olmuşdur. Bu məsələ ilk dəfə Azərbaycan Respublikasının Prezidenti-Ümummilli lider Heydər Əliyevin “Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı tədbirlər haqqında” 26 avqust 1996-cı il tarixli 485 nömrəli Fərmanında öz əksini tapmaqla, insanların sağlamlığının, rifahının və mənəvi-əxlaqi dəyərlərinin qorunması və narkomanlığa, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə ümumdövlət vəzifəsi kimi müəyyən edilmiş, həmçinin narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıqla mübarizə sahəsində dövlət siyasətinin strateji istiqamətləri dəqiq göstərilmişdir. Azərbaycan Respublikası Prezidentinin 22 iyul 2019-cu il tarixli 1334 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığıa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı Mingəçevir şəhərində bir sıra mühüm tədbirlər həyata keçirilib. Oktyabrın 27-də Mingəçevir şəhər İcra Hakimiyyətində “Narkomaniyaya yox deyək!” mövzusunda Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası ilə şəhər İcra Hakimiyyətinin birgə tədbiri keçirildi. Tədbirdə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədr müavini Tanrıverdi Aydınov, şəhərin hüquq mühafizə orqanlarının rəhbərləri, təhsil, səhiyyə, gənclər və idman idarələrinin, narkoloji dispanserin təmsilçiləri iştirak edirdilər. Tədbiri şəhər İcra Hakimiyyəti başçısının müavini, Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə şəhər Komissiyasının sədri Hikmət Kərimov açaraq qonaqları salamladı və ətraflı məlumatla çıxış etdi. Sonra Dövlət Komissiyasının sədr müavini Tanrıverdi Aydınov, şəhər polis şöbəsinin rəisi Ədalət Əliyev, şəhər prokuroru Qabil Səfərov, şəhər təhsil şöbəsinin sektor müdiri Sevinc Həsənova, mərkəzi şəhər xəstəxanasınln publik hüquqi şəxsin direktoru Abdulqadir Sultanov, Gənclər və İdman İdarəsinin rəisi Kamal Nəcəfli çıxış edərək əsrin bəlasına dair görülən işlər barədə, yeniyetmə və gənclərin bu cür pis vərdişlərdən qorunması haqqında öz fikir və mülahizələrini söylədilər.