Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun sakinlərlə növbəti səyyar görüşü 8 may tarixində keçirildi.
08 may 2024 | 12:15
Riyaziyyat və humanitar elmlər təmayüllü liseydə keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin başçısı aparatının məsul əməkdaşları, polis şöbəsinin rəisi Ədalət Əliyev, idarə, müəssisə, təşkilatların rəhbərləri və təmsilçiləri, ictimaiyyət nümayəndələri, mətbuat işçiləri, X.Şuşinski, Ş.İ.Xətai küçələri, Şəfa bağlar massivinin, eləcə də şəhərin müxtəlif ərazilərindən gələn sakinləri iştirak edirdilər.
Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov görüşü açaraq dövlətimizin başçısının tapşırığına uyğun olaraq sakinlərlə keçirilən səyyar görüşlərin əhəmiyyətindəın danışdı. Ölkə Prezidenti cənab İlham Əliyevin imzaladığı fərmanları ilə regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində ölkəmizin bütün regionlarında həyata keçirilən tikinti-quruculuq və təmir işlərinin sürətləndiyindən, Mingəçevirdə də geniş quruculuq işlərinin davam etdiyindın danışdı. Şəhər rəhbəri ötən illər ərzində Mingəçevirdə aparılan əsaslı təmir işlərinin sakinlər tərəfindən razılıqla qarşılandığını diqqətə çatdıraraq cari ildə də bu işlərin davam etdiriləcəyindən bəhs etdi. Bildirdi ki, Şəhər İcra Hakimiyyətində təsdiq olunmuş tədbirlər planına müvafiq olaraq bu il şəhər ərazisində 36 küçədə, energetiklər yaşayış massivində 3 küçədə, sağ sahil yaşayış massivində Təbriz döngəsinin yol və səkilərində əsaslı təmir işləri aparılacaqdır. Mənzil fondunun əsaslı təmiri üzrə 36 yaşayış binasında, MTAİ tərəfindən 15 yaşayış binasında, MKTK tərəfindən isə 5 yaşayış binasında əsaslı təmir işləri reallaşacaqdır. Heydər Əliyev Xiyabanının S.Vurğun küçəsi ilə 20 Yanvar küçələri arasındakı hissəsinin yenidən qurulması, 6 nümunəvi məhəllənin yaradılması, asfaltlanma işləri aparılan 36 küçənin və dalanların işıqlandırılması da tədbirlər planı çərçivəsindədir.
Görüşdə çıxış edən sakinlər şəhərimizdə həyata keçirilən abadlıq-quruculuq işlərindən, ötən görüşlərdə qaldırılan problemlərin həll olunduğundan danışaraq vətəndaşların rifah halının yaxşılaşdırılması məqsədi ilə yaradılan şəraitə görə ölkə rəhbərinə minnətdarlıqlarını ifadə etdilər. Qarşılaşdıqları problemlərdən söz açdılar. Bəzi çoxmərtəbəli binaların dam örtüyündəki nasazlıq səbəbindən evlərə yağış sularının damması, blokların, ümumi istifadə sahəsinin əsaslı təmirinin vacibliyi, oturacaqların olmaması, işsizlik və digər problemlər diqqətə çatdırıldı.
İcra Hakimiyyətinin başçısı İlham İsmayılov qaldırılan problemlərlə bağlı aparatın məsul əməkdaşlarına, idarə, müəssisə və təşkilat rəhbərlərinə tapşırıqlarını verdi. Şəhər rəhbəri görüşün sonunda hər kəsin diqqətini vacib bir məsələyə yönəltdi. Erməni lobbisinin, bədxah erməni separatçılarının hələ də özlərini “məzlum”, “hüquqları pozulmuş” bir millət kimi dünyaya təqdim edərək yardım istəmələrini diqqətə çatdıraraq Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının bu gün daha aktual olduğunu bildirdi. Neçə ki, 44 günlük Vətən müharibəsində xalq-ordu birliyi, xalqımızın cənab Prezdentimizin ətrafında sıx birləşməsi Azərbaycana 30 ildən sonra böyük Zəfəri qazandırdı. Son olaraq 1988-ci ildən sonra 300 minədək soydaşımız Qərbi Azərbaycandan, öz ata-baba yurdlarından deportasiya olunmaqla erməni bədxahlarının etnik təmizləmə siyasətinin qurbanı oldular. Bu gün də biz, hər bir Azərbaycanlı düşmənə qarşı birlik nümayiş etdirməliyik. Ev-eşiklərindən zorla çıxarılan soydaşlarımızın hüquqlarının müdafiə edilməsi, onların layiqli şəkildə öz doğma yurdlarına qayıtması prosesi ölkə Prezidenti cənab İlham Əliyevin müəyyən etdiyi siyasi xətlə ardıcıl icra edilməkdədir. Qərbi Azərbaycanlıların öz torpaqlarına qayıdışının təmin edilməsi üçün məlumatlandırma bazası yaradılmışdır. Bu məlumatları vətəndaşlara və dünya ictimaiyyətinə çatdırmaq üçün yaradılan “Qərbi Azərbaycan TV” internet televiziyası xalqımızın haqq işini layiqincə yerinə yetirəcəyinə əminik və bu işdə hamılıqla fəallığımızı əsirgəməməli, “Qərbi Azərbaycan TV” internet televiziyasına tamaşaçı olmaqla öz dəstəyimizi göstərməliyik.