Mingəçevirlilər Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndəri ehtiramla yad etdilər
10 may 2026 | 11:48
May ayının 10-da Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Mingəçevir şəhərində Heydər Əliyev Mərkəzinin qarşısında və Heydər Əliyev Meydanında ucaldılmış abidələri önünə gül dəstələri düzərək ehtiramlarını ifadə ediblər.
Mərasimdə Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov və aparatın kollektivi, məhkəmə hakimiyyəti və hüquq-mühafizə orqanlarının, Səfərbərlik və hərbi xidmətə çağrış üzrə dövlət xidmətinin Mingəçevir şəhər şöbəsinin rəhbərliyi, polisin və hərbi hissənin şəxsi heyəti, YAP şəhər təşkilatının və Mingəçevir Bələdiyyəsinin sədrləri və üzvləri, Mingəçevir Dövlət Universitetinin, Mingəçevir Tibb Kollecinin və Mingəçevir Turizm Kollecinin rəhbərləri, professor-müəllim heyəti, idarə və müəssisələrin təmsilçiləri, ictimaiyyət və mətbuat nümayəndələri, şəhid ailələrinin üzvləri, müharibə və əmək veteranları, qazilər, təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin əməkdaşları iştirak ediblər.
Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin tədbirlər planına müvafiq olaraq idarə və müəssisələrdə keçirilən konfranslarda, dəyirmi masalarda, diskussiyalarda və ədəbi-bədii tədbirlərdə dünya tarixində siyasi səriştəsi, qətiyyəti və əzəməti ilə imza qoyan, Azərbaycanın daxili siyasətinin yeni modelini yaradan, dünya dövlətləri ilə dostluq və əməkdaşlığa nail olan dövlətimizin unudulmaz, fenomen şəxsiyyətinin keçdiyi həyat yolu barədə söhbətlər açılıb, yurdumuzun bu günkü tərəqqiyə və inkişafa nail olması yolundakı xidmətlərindən bəhs olunub. O cümlədən təhsil ocaqlarında bilik yarışları, müsabiqələr, idman müəssisələrində idman yarışları, təşkilatlarda xatirə tədbirləri keçirilib.
Mingəçevirin inkişafında əvəzsiz xidmətləri olan, xalqı hər cür bəlalardan xilas edən Ulu Öndərə mingəçevirlilərin ehtiramı sonsuzdur və davam edən bu uğurlu siyasəti hər zaman dəstəkləməklə dövlətimizə olan sədaqətlərini ifadə edirlər.