Mingəçevirli şəhid Qurbanov Tərxan Zabit oğlunun ordeni təqdim olundu.
20 sentyabr 2022 | 10:12
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 44 günlük Vətən müharibəsində iştirak edən bir qrup əsgər və zabitlər orden və medallarla təltif olunub. Onların arasında mingəçevirli şəhid Qurbanov Tərxan Zabit oğlu da vardır. O, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub. Təqdimetmə mərasimi sentyabrın 20-də Mingəçevir şəhərindəki Heydər Əliyev Mərkəzində keçirildi. Orden şəhidin atası Zabit Qurbanova təqdim olundu. Tədbirdə şəhər İcra Hakimiyyətinin başçısl İlham İsmayılov, Mingəçevir Bələdiyyəsinin sədri Ramiz Əliyev, YAP şəhər təşkilatının sədr müavini Bəxtiyar Mustafayev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Mingəçevir şəhər şöbəsinin rəisi Namiq Osmanov, şəhid ailələri cəmiyyətlərinin sədrləri, şəhid ailələrinin nümayəndələri, qazilər, məktəb direktorları, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Tədbirdə çıxış edən İcra Hakimiyyətinin başçısl İlham İsmayılov 44 günlük vətən müharibəsi zamanı Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Milli Ordumuzun əldə etdiyi uğurlardan, əsgər və zabitlərimizin şücaətlərindən, möhtəşəm Azərbaycan zəfərindən danışdı. Vətən müharibəsində mingəçevirlilərin də qəhrəmanlıqla iştirak etməsindən, o cümlədən şəhid Tərxan Qurbanovun həyat hekayəsindən danışdı. Qəhrəmanlar unudulmur, deyə dövlət başçısının sərəncamlarını diqqətə çatdırdı. Şəhid Qurbanov Tərxan Zabit oğlu cənab prezidentin sərəncamı ilə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmasını onun döyüş şücaətinə verilən qiymət kimi dəyərləndirdi. Ordeni şəhidin atasına təqdim edərək bütün şəhidlərimizə Allahdan rəhmət dilədi. Tədbirdə Tərxan Qurbanovun təhsil aldığı 3 nömrəli tam orta məktəbin direktoru Gültəkin Quliyeva və həmin məktəbin müəllimi, Tərxanın sinif rəhbəri Anjelika Səfərova çıxış edərək igid əsgərin keçdiyi təhsil illərini yada saldılar.