Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirin 74-cü ildönümü münasibətilə şəhər icra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər əhalisinə təbriki

11 noyabr 2022 | 12:57

Əziz Mingəçevirlilər ! 1948-ci il noyabrın 11-də şəhər statusu almış, qədim yaşayış məskəni kimi tanınan, bu gün Azərbaycanın həm sənaye, həm də elmi, mədəni, turizm mərkəzlərindən biri olan doğma Mingəçevirimizin 74 yaşı tamam olur. Bu əlamətdar gün münasibətilə bütün mingəçevirliləri ürəkdən təbrik edir və hamıya möhkəm can sağlığı, xoşbəxtlik, səadət dolu günlər arzulayıram. Şəhər statusu aldıqdan sonra 1948-68-ci illərdə Mingəçevirdə geniş tikinti, quruculuq, abadlıq işləri aparılmış, bir sıra müəssisələr yaradılmışdır. 1969-1982-cil illərdə Ulu öndərin Azərbaycanda ilk rəhbərliyi dövründə şəhər sürətlə inkişaf edərək ölkənin ən iri sənaye və energetika mərkəzlərindən birinə çevrilmişdir. Yaradılan sənaye potensialı nəticəsində Mingəçevir Respublikanın 4-cü sənaye şəhərinə çevrilmişdir. Bu gün də cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi, yüksək diqqət və qayğısı ilə Mingəçevir şəhərində bu işlər çox böyük peşəkarlıq və uğurla davam etdirilir. Şəhərimizdə iri istehsal müəssisələri, yeni mədəniyyət, ictimai və sosial obyektlər, park və istirahət mərkəzləri, keçmiş məcburi köçkünlər üçün qəsəbələr, şəhid ailələri və Qarabağ əlilləri üçün yaşayış binaları, nümunəvi xidmət və ticarət obyektləri tikilib istifadəyə verilir, məhəllələr abadlaşdırılır, küçələr asfaltlanır, işıqlanma sistemi qurulur. Son 4 ildə şəhərimizdə 200-ə qədər yaşayış binalarının girişlərində və fasadlarında təmir-bərpa işləri aparılmış, giriş hissələrdə dəmir qapı qoyulmuş, bloklarının təmiri aparılmış, plastik pəncərələr quraşdırılmış, ümumi istifadə yerləri təmir olunmuş, 30-a yaxın məhəllə abadlaşdırılmış, 200-ə yaxın küçə və məhəlləyə işıqlanma sistemi qurulmuşdur. Cari ildə 51 binada bu cür təmir işləri aparılır. İndiyə kimi ayrı-ayrı məhəllələrdə abadlıq işləri aparılır, 10 ərazidə nümunəvi məhəllə yaradılması davam etdirilir. Şəhərimizdə park və xiyabanlarda abadlıq və yenidənqurma işləri aparılır, “Zəfər günü” naminə yeni istirahət guşəsi yaradılmışdır. Əlavə olaraq 30-a qədər küçə və məhəllədə asfalt örtüyü çəkiləcək, işıqlanma sistemi qurulacaqdır. Əhalinin işsizlik probleminin həlli üçün keçmiş Regenerat zavodunun ərazisində 3 yeni istehsal müəssisəsinin tikintisinə hazırlıq işləri aparılır. Bildiyiniz kimi 2020-ci ilin sentyabr-noyabr aylarında Müzəffər Ali Baş Komandan, ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuzun şücayəti nəticəsində 30 ilə yaxın bir dövrdə işğal altında olan torpaqlarımız azad edildi, ərazi bütövlüyümüz bərpa olundu. Bu müharibədə şəhidlərimiz və qazilərimiz oldu. Allahdan bütün şəhidlərimizə rəhmət diləyir, qazilərimizə şəfa arzulayıram. 74 illik Mingəçevirin tarixində qəhrəmanlıq səhifələri vardır. Hələ I Qarabağ müharibəsində 985 nəfər mingəçevirli döyüşlərdə iştirak etmiş, qəhrəmanlıq göstərən 322 qəhrəman oğullarımız şəhidlik zirvəsinə ucalmışdır. Aprel döyüşlərində 5 igidimiz şəhid olmuşdur. Vətən müharibəsi başlayan tarixdən də Mingəçevir gəncləri könüllü olaraq səfərbər olunmuş, 1041 nəfər səfərbərliyə çağırılmış, öz qəhrəmanlıqları ilə müharibədə iz qoymuşlar. Vətən müharibəsində 54 nəfərimiz şəhidlik zirvəsinə ucalmış, 100 nəfərdən çox gəncimiz yaralanmışdır. Mingəçevirin qəhrəmanlıq tarixində I Qarabağ müharibəsində 4 nəfər Milli Qəhrəman adına layiq görülmüş, 8 nəfər Azərbaycan Bayrağı Ordeni ilə, 650 nəfər müxtəlif medallarla təltif olunmuşlar. Ali Baş Komandan tərəfindən Vətən müharibəsində qəhrəmanlıq göstərən qəhrəmanlarımızdan 2 nəfər Vətən Müharibəsi Qəhrəmanı adına, 22 nəfər müxtəlif dərəcəli orden, 1041 nəfər isə müxtəlif medallara layiq görülmüşdür. Əziz mingəçevirlilər! Bu gün 74 yaşlı Mingəçevir şəhəri cənab Prezidentin regionların inkişafına göstərdiyi qayğı, apardığı düzgün daxili və xarici siyasət nəticəsində öz növbəti inkişaf dövrünü yaşayır. Əldə edilən bu uğurların qazanılmasında şəhər sakinlərinin böyük zəhməti vardır. Ölkə rəhbəri tərəfindən bizim işimizə yüksək qiymət verilir, şəhərimiz haqqında yüksək fikirlər söylənilir. Şəhərimizin daha da inkişaf etdirilməsinə, burada Sənaye və Texno parkların açılmasına göstəriş verən cənab İlham Əliyev şəhərimizin gələcəkdə ən iri sənaye şəhərlərindən birinə çevrilməsi üçün öz köməkliyini əsirgəmir. Bütün bu diqqət və qayğıya, şəhərimizdə aparılan işlərə verdiyi yüksək qiymətə görə ölkə rəhbəri cənab İlham Əliyevə dərin minnətdarlığımızı və təşəkkürümüzü bildirirəm. Əmin ola bilərsiniz ki, biz bundan sonra da şəhərimizi cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında Respublikanın inkişaf etmiş iri sənaye, elm və turizm mərkəzinə, daha da abadlaşan, gözəlləşən şəhərinə çevirməyə çalışacağıq. Doğma şəhərimizin 74 illiyi münasibətilə bir daha bütün mingəçevirliləri, Mingəçevirlə bağlı olan, onu sevən bütün insanları ürəkdən təbrik edir və hər birinizə cansağlığı, xoşbəxtlik, ailə səadəti, şəhərimizə ölkə başçısının daimi və yüksək diqqəti sayəsində yeni-yeni uğurlar arzulayıram. Bayramınız mübarək!

Keçidlər