Şriftin ölçüsü :

Saytın rəngi :

Mingəçevirdə yüksək bal toplayan tələbələrlə görüş keçirildi

09 sentyabr 2024 | 17:14

Sentyabrın 9-da Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılovun şəhər ümumtəhsil məktəblərinin 600-dən artıq bal toplayan, ali məktəblərə qəbul olunan tələbələri ilə görüşü keçirilmişdir. Şəhər İcra Hakimiyyətinin akt zalında keçirilən görüşdə əvvəlcə ulu öndər Heydər Əliyevin, dövlətçiliyimiz və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Görüşdə çıxış edən şəhər rəbəri 2023-2024-cü tədris ilinin yekunları haqqında qısa məlumat verərək diqqəti əldə olunan uğurlara yönəltdi. Qeyd etdi ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatlar gənclərin təhsilə cəlb olunmasına, təhsil sahəsində kadr problemlərinin həllinə və müəllim peşəsinin nüfuzunun daha da yüksəlməsinə müsbət təsirini göstərir. Müəllim cəmiyyətin sabahının və gözəl gələcəyinin yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyev müəllim peşəsinə və əməyinə həmişə yüksək qiymət verib. Ulu Öndərin Azərbaycana rəhbərliyi illərində ölkəmizdə yüzlərlə yeni məktəb binası, uşaq bağçası tikilib istifadəyə verilib. Sevindirici haldır ki, müəllimin əməyinə bu gün də Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymət verilir, bu peşə sahiblərinin sosial rifahının yaxşılaşdırılması üçün davamlı tədbirlər həyata keçirilir. Heydər Əliyev Fondu yarandığı ilk gündən təhsil sahəsində müxtəlif layihə və proqramlar həyata keçirir. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaqdır. Mingəçevir şəhərindəki təhsil ocaqlarında ötən illər ərzində müsbət dəyişikliklər olub. Belə ki, bir sıra orta məktəb binaları yenidən tikilib və ya əsaslı təmir edilib, müasir texnoloji avadanlıqlarla təchiz olunub. Bu da təhsilin keyfiyyətinin yüksəlməsinə təkan verir. Dövlət Proqramı çərçivəsində şəhərdə 2351 şagird yerlik 4 ümumtəhsil məktəb binası inşa, 11158 şagird yerlik 12 məktəb binası əsaslı təmir edilmişdir. Hazırda 1250 şagird yerlik olan 17 saylı tam orta məktəbin binasında əsaslı təmir işləri davam etdirilir. Bununla da Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu dövlətin təhsil sahəsində apardığı siyasətə dəstək göstərərək gənc nəslin daha bilikli yetişməsinə və keyfiyyətli təhsil almalarına öz töhfəsini vermiş olur. Bu il şəhər ümumtəhsil məktəblərinin 9-cu sinifləri üzrə 1438 nəfər adi attestat, 49 nəfər fərqlənmə attestatı almışdır. 11-ci sinifləri 1165 nəfər bitirmişdir. Onlardan ali məktəbə qəbul olanların sayı 426 nəfərdir, o cümlədən 41 nəfər Qarabağ Universitetinə qəbul olmuşdur. Məktəbi bitirən məzunlardan 2 nəfər qızıl medal, 2 nəfər isə gümüş medala layiq görülmüşdür. Ali məktəbə qəbul olan tələbələrdən 150 nəfəri 500-dən yuxarı, o cümlədən 46 nəfəri 600-dən yuxarı bal toplamışdır. Şəhər üzrə ən yüksək nəticəni Təbiət-Riyaziyyat və Humanitar Elmlər təmayüllü liseyin şagirdi Aysel Səlimova (684 bal) göstərmişdir. Tədris ilində fənn olimpiadasının respublika mərhələsində şəhər ümumtəhsil məktəblərindən 91 nəfər iştirak etmiş, onlardan 1 nəfər qızıl, 6 nəfər gümüş, 4 nəfər isə bürünc medala layiq görülmüşlər. Bütün bu uğurlarımız ölkə prezidenti cənab İlham Əliyevin apardığı uğurlu siyasətin və genişmiqyaslı inkişaf proqramının bir hissəsidir. Ölkə rəhbərinin yüksək diqqət və qayğısı sayəsində şəhərimizin təhsil ocaqlarında cari təmir və bərpa işləri aparılır, məktəblərimiz yeni avadanlıqlarla təchiz edilir. Əminəm ki, məktəblərimizdə yaradılacaq şəraitə görə gələcəkdə uğurlarımız bundan da artıq olacaqdır.

Tədbirdə Mərkəzi Aran Regional Təhsil idarəsinin Mingəçevir şəhəri üzrə sektor müdiri Sevinc Həsənova, TRHEL-in şagirdi, şəhər üzrə ən yüksək nəticə göstərən məzun Aysel Səlimova, olimpiadalar qalibi, Qarabağ Universitetinin tələbəsi Atilla Muradlı, valideynlərdən Xəyalə Məmmədova, ictimaiyyət nümayəndəsi Rizvan Mikayıllı, təbiət, riyaziyyat və humanitar elmlər təmayüllü liseyin müəllimi Ruhiyyə Abbasova çıxış edərək tələbə adını qazanan məzunları təbrik etdilər, tədbirin təşkili üçün göstərdiyi diqqət və qayğıya görə Mingəçevir şəhər İcra Hakimiyyətinə minnətdarlıqlarını bildirdilər. Tədbirin sonunda yüksək bal toplayan məzunlara-tələbələrə Mingəçevir şəhər İcra Hakimiyyətinin hədiyyələri təqdim olundu. Sonda xatirə şəkilləri çəkdirildi.

Keçidlər